Taksilərdə qadın sərnişinləri gözləyən təhlükə - ARAŞDIRMA

# 11:23
29 iyul 2021

Pandemiya başladıqdan sonra taksilərdən daha geniş şəkildə istifadə etməyə başladıq. İctimai nəqliyyatla müqayisədə taksilər bizi mənzil başına daha sürətli və rahat çatdırır. Lakin bəzən xoşagəlməz hallar ilə də qarşılaşmalı oluruq.

 

Pandemiya başlayandan sonra həftə sonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağa taksi şirkətlərinə daha çox müraciət etməyimizə səbəb oldu. Fərdi şəkildə fəaliyyət göstərən taksilərə nisbətən taksi şirkətləri sərnişinləri daha münasib qiymətə mənzil başına çatdırdığından daha çox həmin şirkətlərdən istifadə edirik.

 

APA TV xəbər verir ki, lakin son günlər bu şirkətlərin sürücülərindən narazı olan sərnişinlərə rast gəlirik. Elə bir neçə gün əvvəl azərbaycanlı aktrisa Lalə Süleymanova da sosial şəbəkə hesabından taksi sürücüsünün ona qarşı nalayiq hərəkətlər etməsi ilə bağlı paylaşım etdi. Bəzi taksi sürücülərinin sərnişinlərə qarşı etdiyi kobud rəftar təkcə Lalənin deyil bir çoxlarının başına da gəlib:

 

- Bir neçə dəfə mən də qarşılaşmışam. Elə bir hərəkət olmayıb. Amma artıq suallar veriblər, nömrə vermək istəyiblər. Mən taksiyə oturmuşam gedəcəyim yerə çatmaq üçün. Mənə artıq suallar ünvanlayıblar ki, harada yaşayırsan, evlisənmi. Bunlara nəzarət olunsa məncə yaxşı olar. Əvvəl məndə qorxu yox idi, məsələn minərəm taksiyə nə isə olar. Amma indi qorxuram.

 

- Taksi sürücülərinin sürmə tərzi ilə bağlı yoxlanışlar olmalıdır. Adi biz müəllimlər imtahan veririk, bizi hər cür psixoloji filan yoxlanışdan keçirirlər. Onların da elə bir yoxlanışdan keçməsi mütləqdir. Yoxsa hər yoldan ötəni sürücülük vəsiqəsi var deyə işə götürmək olmaz.

 

- Əslində düz deyil əlbəttə. Hamının ailəsi, anası, bacısı minir maşına. Taksi sürücüsü normal olmalıdır. Mən 14 ildir taksi sürücüsü işləyirəm. İndiyə qədər məndən şikayət olmayıb.

 

Norma hüquq mərkəzinin direktoru Şamil Paşayevin sözlərinə görə, əgər vətəndaş taksidə sürücünün narahatedici hərəkətləri ilə qarşılaşırsa sürücü ilə bərabər onun əməkdaşlıq etdiyi şirkət də məsuliyyətə cəlb oluna, təzminat ödəməli ola bilər: “Həm taksi sürücüsünün olsun, həm digər şəxslərin olsun, vətəndaşı narahatedici formada ona baxması, cinsi ehtirasını təmin etməyə yönəlik hərəkətlər etməsi və yaxud da öz xidmət sahəsinə uyğun olmayan hərəkətlər etməsi də qadağandır və bu, insan hüquqlarının pozulmasıdır. Bununla bağlı həmin taksi sürücüsünün işlədiyi şirkətə müraciət etmək olar, korporativ mədəniyyətin, əməkdaşlığın kobud surətdə pozulmasına görə, hətta məhkəməyə verib konpensasiya alma hüququ da var. Çünki bunu taksiyə minməkdə məqsədi cinsi ehtirasını təmin etmək deyil, bu mənzil başına getmək istəyir. Etdiyi nalayiq davranışlara görə, taksi sürücüsü ilə birlikdə həmin şirkət də məsuliyyət daşıyır. Taksi sürücüsünü işə götürən şirkət bunun kimliyini araşdırmalıdır. Sürücünün psixoloji, narkoloji vəziyyəti, alkoqolizmdən əziyyət çəkib çəkməməyi yoxlanılmalıdır ki, digər şəxslər də zərər verə bilməsin”.

 

Bakı  Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli sərnişinlərə taksi sürücüləri tərəfindən xoşagəlməz hallarla qarşılaşdıqları zaman polisə müraciət etmələrini tövsiyə edir: “Hər hansı bir şəxs istər kişi olsun, istər qadın olsun mütləq şəkildə rastlaşdığı, gördükləri əməl ilə bağlı aidiyyəti üzrə ərazi polis bölməsinə məlumat verməlidir ki, onun başına hər hansı bir hadisə gəlibdir. Vətəndaşın  özbaşına hər hansı tədbir görmək ixtiyarı və hüququ yoxdur. Əgər hər hansı bir sərnişin taksi sürücüsü tərəfindən nalayiq bir danışıq formasına və ya nalayiq bir hərəkətə məruz qalıbsa mütləq ərazi üzrə polis orqanına şikayət etsinlər. Bu şikayətə qanunvericilik çərçivəsində baxılacaqdır. Taksi sürücüləri də nəzərə almalıdırlar ki, onlar ictimaiyyətə xidmət göstərirlər. Buna görə də dövlətin nəzərdə tutduğu qanunlara ciddi şəkildə əməl etməlidirlər”.

 

Hər sahədə olduğu kimi, taksi sürücüləri arasında da vəzifələrini yerinə yetirmək üçün yola çıxanlarla yanaşı, başqa niyyət güdənlər də var. Mənzil başına rahat çatmaq üçün sifariş etdiyimiz taksiyə minmək artıq bəzilərimiz  üçün təhlükəyə çevrilibsə bu, taksi şirkətlərinin sürücü personalını seçərkən daha diqqətli olmasına işarədir. Taksi şirkətlərinin yanlış işçi seçməsi bu işin haqqını verən, illərlə taksi sürücüsü işləyərək  evinə çörək aparan vətəndaşlarımızın da işini kölgədə qoyur.

 

Fatma Zahidqızı,

Xəqani Hüseynov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR