Tamaşaçıların üzünə bağlı qalan teatrlar – SƏNƏT ADAMLARI ETİRAZ EDİR
Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində teatr, kinoteatr və konsert zallarının fəaliyyətinin bərpa olunmayacağı açıqlanıb.
APA TV xəbər verir ki, bu qərar, bir çox teatr xadimləri arasında ciddi etiraza səbəb olub.
Teatr nümayəndələri hesab edir ki, COVID pasportu ilə bir çox müəssisələrə giriş bərpa olunduğu halda, teatrlara belə imkanın yaradılmaması başa düşülən deyil. Çünki, hazırda kafe və restoranların, şadlıq evlərinin, iri ticarət mərkəzlərinin fəaliyyətinə müəyyən say məhdudiyyətlərlə icazə verilir, lakin hələ də teatrların qapısı tamaşaçıların üzünə bağlı qalıb.
Xalq artisti Vidadi Həsənov deyir ki, koronavirusun tüğyan etdiyi ölkələrdə belə, teatrlar məsafəli şəkildə fəaliyyətlərini davam etdirir: “Deməli bizdə də bu mümkün ola bilər. Mən də sizin vasitənizlə istəyirəm ki, teatrın mənəvi dəyər yaratdığına şübhə ilə yanaşan insanlara üzümü tutum deyim ki, ay xanımlar, ay cənablar siz buna inanmaya bilərsiniz. Bu sizin probleminizdir. Teatr həqiqətən mənəvi dəyər yaradır. Bir toplumda mədəniyyət, mənəviyyat olmasa o toplum əvvəl axır qara güruha və sürüyə çevrilər”.
Əməkdar artist Nofəl Vəliyev də deyir ki, teatrların hələ də bağlı qalması Azərbaycanda teatr mədəniyyətinin tədrici ölümünə aparıb çıxarır. Çünki teatr, məşqlər, səhnə daima hərəkət tələb edən bir məkandır. Onun sözlərinə görə, iki mövsüm aktyorların məşqsiz, səhnəsiz qalması sonda hər saniyəsi səhnədə keçən aktyorların psixoloji gərginliyinin artmasına səbəb olur: “Bir məkanlar açılırsa teatrlarda da ən azı məşqlərin başlanmasına icazə verilməlidir. Çünki teatrlar bağlı qalmaqla böyük bir nəsil ortadan çıxa bilər. Bəzi insanlar bunun fərqində olmaya bilər, amma teatr adamı bilir ki, bir çoxları psixoloji və fiziki formadan düşə bilir. Bu olduqca təhlükəlidir. Teatrda çalışan hər kəs teatrların heç olmasa məşqlər üçün açılmasını istəyir. Ən azından mərhələ ilə”.
Kinoteatr və teatrların açılmamasını məntiqsiz hesab etdiyini deyən xalq artisti, tanınmış kinorejissor və aktyor Şeyx Əbdül Mahmudov isə hesab edir ki, teatrların açılması üçün bütün teatr xadimləri səfərbər olub müraciət etməlidirlər: “Mən tək dəfələrlə Mədəniyyət nazirinə müraciət etmişəm. Amma nazir müraciətimə baxmayıb. Niyə? Gəlin düşək gəzək teatrların ətrafındakı restoranlar, kafelər, barlar hamısı işləyir. Hamısında vurçatdasındır, musiqidən qulaq tutulur. Başa düşə bilmirəm teatrlara icazə yoxdursa o zaman bunlar niyə işləyir. Teatrın içində 15-20 nəfər adam oturub baxacaqsa niyə açılmasın ki?
Yeganə müqəddəs ocaq var o da teatrdır. Onun da qapısına qıfıl vurublar qalıb böyrü üstə”.
Bəs teatrlar indiki halda mövsümün açılışına hazırdırmı?
Teatr xadimləri deyir ki, hər il olduğu kimi bu il də, teatrlarımız mövsümə müəyyən məhdudiyyətlərlə də olsa hazırdırlar. Hətta vaksinasiya məsələsi gündəmə gələn gündən teatrların bütün kollektivi vaksin vurdurub.
Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Azərbaycanda xüsusi karantin rejimi müddətində teatr-konsert müəssisələrinin fəaliyyətinin davam etdirilməsi barədə qərarı Operativ Qərargah verə bilər. Əlavə olunub ki, məsələ ilə bağlı müraciət Operativ Qərargaha ünvanlanıb, teatrların fəaliyyəti ilə bağlı hər hansı qərar verilərsə, ictimaiyyətə məlumat veriləcək.
İlahə Vəliyeva,
Xəqani Hüseynov,
Üzeyir Ağayev,
APA TV
DİGƏR XƏBƏRLƏR

Ermənistan hava məkanını İran PUA-larına niyə açır?

Zakir Həsənov yeni nəzarətə götürülən yüksəkliklərlə bağlı tapşırıq verdi

Ermənistanda hərbçilər arasında atışma: ölən var
