Tankı ilə düşmən xəttini yaran igidimiz

# 20:44
1 noyabr 2021

Tankçı əsgər - Şəhid Toğrul Tahir oğlu Murtuzayev 1997-ci ilin bu günü – 1 noyabr tarixində Ağdamın Quzanlı qəsəbəsində yerləşən köçkün düşərgəsində doğulub. Valideynləri Ağdam rayonundan məcburi köçkün olduğu üçün Toğrulun uşaqlıq illərinə köçkün həyatı yaşamaq qismət olur. Ancaq onun yaşadığı çətinliklər həyatdakı amalına – hədəfinə çatmağa mane ola bilmir.

 

Toğrul Murtuzayev orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanır. Xidməti başa vurduqdan sonra bir müddət Quzanlı qəsəbəsində avtomobil təmiri işi ilə məşğul olur. Könüllü olaraq maxe kursuna yazılır. Ən böyük arzusu isə valideynlərinin məcburi köç etdiyi, özünün isə heç vaxt görmədiyi doğma torpaqları azad etmək olur. Ali Baş Komandanın əks hücum – döyüş əməliyyatı əmrindən sonra Toğrulun idarə etdiyi döyüş texnikası cəbhənin Tərtər istiqamətində döyüşə ilk girən tanklardan biri olur. Elə onun tankının himayəsi ilə də düşmənin birinci eşelonu yarılır, istehkam maneələri məhv edilir. Lakin döyüşün növbəti saatlarında 27 sentyabr tarixində tankın vurulması nəticəsində O və digər heyət üzvləri şəhid olur.


Əbədi olaraq 23 yaşlı qalacaq qəhrəman tankçı döyüş meydanında göstərdiyi fədakarlığa görə “Vətən uğrunda” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif olunub. Subay olan şəhid tankçı Ağdamın Quzanlı qəsəbəsində dəfn edilib.


Vətən sağ olsun!

 

Elgün Gəncimsoy, Ziya İsmayıloğlu, APA Tv - Ağdam      

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR