Təbii qaz yandıra bilməyən Saatlı sakinləri təbiəti yandırır - REPORTAJ

# 10:53
14 may 2021

Saatlı rayonunun bir neçə kəndinə təbii qaz xəttinin çəkilməməsi sakinlərin məişət həyatında ciddi problemlər yaradıb.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, mavi yanacağın olmaması səbəbindən sakinlər məişətdə yanacaq kimi daha çox odundan istifadə edir. Hər evdə yandırılan odun isə sakinlərə əlavə xərc və ya qırılan yaşıl ağac deməkdir.

 

Bu kəndlərdə odun tapan odun, qazı balonlarla əldə edənlər isə balon qazı yandırır. Qonşu kəndlərə qaz xətti çəkilsə də, Saatlının Mircəlal, Soltanabad, Nəsimi və Smada kəndlərinə qaz xətti hələ də çəkilməyib. Təxminən 10 mindən çox əhalinin yaşadığı kəndlər illərdir təbii qaz üzünə həsrət qalıb. Kənd sakinləri deyir ki, problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, məsələ öz həllini tapmır. Halbuki magistral qaz xətti elə həmin kəndlərin bir addımlığında dayanıb. 

 

Kənd sakini Fərdi Əliyev deyir ki, illərdir odun daşımaq üçün illərdir əziyyət çəkirlər: “Neçə illərdir ki, biz əziyyət çəkirik, odun daşımaq üçün çöllərə gedirik. Ağaclara ziyan vurub kəsirlər, nə yolumuz, nə suyumuz, nə də qazımız qazdır. Bizim xahişimiz odur ki, 4 kənd var, burdan gəlir keçir başqa kəndlərə, ancaq bizə gəlmir. Nəyə görə? Üzümü yuxarı tutub xahiş edirəm bizim bu problemimizə əlac etsinlər. Bu illəri biz yenə odun qırıb... Sonra gəlib bizə deyirlər ki, ağac kəsmək olmaz, cəriməsi var. Bu yazıq kəndçi nə etməlidir?”

 

Həm yolsuzluqdan, həm də su qıtlığından şikayətlənən sakinlərin ən böyük dərdlərindən biri də qışda yanacağın olmamasıdır. Yayını susuzluqdan əziyyət çəkən kəndlilər qışda qazın olmamasına görə soyuqla mübarizə aparmalı olurlar:

 

39 ildir ki, Mircəlal kəndində yaşayan Elşad Həşimov 11 mindən artıq sakinin bu acınacaqlı vəziyyəti yaşadığını deyir: “39 ildir bu kənddə yaşayıram. Kəndimiz qaz sarıdan acınacaqlı vəziyyətdə yaşayır.  Saatlı rayonunun Mircəlal, Soltanabad, Nəsimi və Smada kəndlərinin 11 mindən artıq sakini bu acınacaqlı vəziyyəti yaşayır. “Azəriqaz”ın rəhbəri Ruslan Əliyevdən xahiş edirəm ki, 2021-ci il qış mövsümünə kimi qaz çəkilişini təmin etsinlər ki, biz də bu çətin vəziyyətdən qurtulaq. İmkanı olan Bakıdan qazellə odun alır, olmayan da həyətdə meyvə ağacı qalmayıb, kəsib odun kimi istifadə edirik”.

 

Nəsimi kənd sakini Elman Əliyev də illərdir mavi yanacaq sarıdan əziyyət çəkdiklərini deyir: “10 ildən artıqdır ki, bu problemi yaşayırıq. Həyətdə meyvə ağacları qalmayıb, hamısı kəsilib ki, qışdan çıxaq. Aidiyyəti qurumlardan xahiş edirik, bu məsələyə baxsınlar. Tez bir zamanda bizi qazla təmin etsinlər”.

 

Oktay Şakirov da eyni problemdən əziyyət çəkir: “10 ildir ki, qaz çəkiblər bura kimi, xahiş edirik yaxın vaxtlarda bu qaz məsələsinə baxsınlar. Çox zülm çəkirik, həyətdə bir şey qalmayıb, hər şeyi kəsmişik, pulumuz çatmır odun almağa”.

 

Məsələyə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərin də münasibətini öyrəndik: “Qeyd olunan kəndlər bir-birinə ardıcıl şəkildə yerləşir. Bu kəndlərin qazlaşdırılması “2019-2023-cü illərin Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək. Ümumiyyətlə, yaşayış məntəqələrinin qazlaşdırılması prosesi dövlət proqramına salındıqdan sonra işlər mərhələli şəkildə, növbəlilik əsasında həyata keçirilir. Müvafiq vəsait ayrıldıqdan sonra həmin yaşayış məntəqələrinin qazlaşdırılması işlərinin icrası “Azəriqaz” İstehsalat Birliyinə tapşırılır”.

 

Mövzunu diqqətdə saxlayacağıq.

 

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR