Təltif olunan zabitlər: “Ali Baş Komandanın diqqətində olduğumuzu bir daha hiss etdik”

# 18:54
24 iyun 2021

Bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 44 günlük Vətən Müharibəsində iştirak edən hərbi qulluqçular bir sıra medallarla təltif olunub.

 

APA TV-nin məlumatına görə, təltif olunanlar arasında Milli Ordumuzun kapitanı Anar Əliyev də var.

 

Müharibədən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş qəhrəmanımız bu gün Prezidentin müvafiq sərəncamları ilə “Füzuli rayonunun azad olunmasına görə”, “Xocavənd rayonunun azad olunmasına görə” və “Şuşa şəhərinin azad olunmasına görə” medallarına layiq görülüb: “Çox qürurverici və sevindirici bir hissdir. 44 günlük döyüşün əziyyətini bu medallarla görürük. Bu gün cənab Ali Baş Komandanın diqqətində olduğumuzu bir daha hiss etdik”.

 

Döyüşlərin gedişində yaralandığını və öz istəyi ilə yenidən döyüşlərə qatıldığını bildirən kapitan Əliyev deyir ki, o zaman əsgərlərini yalnız qoya bilməzdi: “Biz işğaldan azad olunmuş hər bir ərazimizə bayrağımızı sancanda sevinirdik, qürurverici hisslər yaşayırdıq. Bəzən sevinc göz yaşı belə tökürdük. Əvəzolunmaz bir hisslərdir. Bu hissi sözlərlə ifadə etmək mümkün deyil”.

 

Bu gün təltif olunanlardan biri də Milli Ordumuzun mayoru Rəşad Qurbanovdur. O, ölkə başçısının müvafiq sərəncamları ilə “Füzuli rayonunun azad olunmasına görə” və “Şuşa şəhərinin azad olunmasına görə” medalları ilə təltif olunub: “Bu gün cənab Prezident bizi orden və medallarla təltif edib. Bu hissi sözlərlə ifadə etmək mümkün deyil. Həqiqətən də çox böyük fərəh və qürur hissi keçirirəm ki, mən cənab Prezidentin imzası ilə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuşam”.

 

Mayor Rəşad Qurbanov da döyüşlərin gedişində yaralanıb, amma Vətən sevdası onu yenidən döyüşlərə qatılmağa sövq edib: “Hər bir insanın həyatında mühüm, önəmli, yaddaqalan hadisə və günlər olur. Şəxsən mənim üçün 27 sentyabrda həyatımın ən mühüm hadisələrindən biri baş verdi və cənab Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatları başladı, torpaqlarımızı işğaldan azad etməyə başladıq. Bundan sonra Vətənimizin hər qarış işğalda olan torpağını azad etdikcə, keçirdiyimiz qürur, fərəh hissi bizi növbəti qələbələrə, uğurlara aparırdı”.

 

Allah Vətən uğrunda şəhid olan bütün qəhrəmanlarımıza rəhmət eləsin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 

Həmidağa Məcidov,

Xəqani Hüseynov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR