Tərtər sakinin 12 min kitablıq xəzinəsi...

# 10:35
29 dekabr 2021

Tərtər sakini Rauf Həsənzadə şəxsi kitabxanasına 12 000-dən artıq kitab toplayıb. Məktəbli vaxtlarından bu günə qədər şəxsi kitabxanasını zənginləşdirən Rauf Həsənzadə burada yer alan sənəd və kitablardan əsasən tarixçilərin və tələbələrin istifadə etdiyini deyir. Kitabxanada nadir kitablarla yanaşı sənədlər, həmçinin qəzet və jurnallar da yer alır: ”Azərbaycanımızın tarixinə aid kitablar var. Azərbaycana olan hücumlarla bağlı, Azərbaycanın son vaxtlara qədər torpağını parçalamaq istəyənlərin – onların kim olduqları, haradan gəldikləri, hamısı qədim kitablarda var. Həmin kitablar Rusiya qaynağıdır. Ermənistanda çıxan kitablar da var. Onların tarixçilərinin də kitabları var. Onlar öz məkanlarını İraqın şimalında xəritədə göstərirlər. Sonra İrəvan şəhərinin ermənilərin yaşadığı – onlar istəsə də, istəməsə də küçələrin, məhəllələrin adları hamısı Azərbaycan adıdır. O kitablarında yazıblar özləri məhəllələrin adları”.

Bu dəyərli xəzinədə daha bir maraq doğuran hal kitabların yaşlarının çox olmasıdır. Belə ki, yüzlərlə kitabın yaşı 70 ildən, 18 kitabın yaşı 200 ildən  artıqdır. Ən çox yaşı olan kitab isə 1717-ci ildə Birinci Pyotrun sərəncamı ilə çap olunmuş “Məişətdə davranış qaydaları” kitabıdır. Həmin kitab cəmi yüz nüsxədə çap edilib və zadəgan ailələrin məişət davranışlarını özündə əks etdirir. Bundan başqa müxtəlif xalqların yaşam tərzini, Avropa ölkələrinin mədəniyyətini əks etdirən kitablar da daha çox maraq doğurur. Rauf Həsənzadə qalan ömrünü kitabxanasına daha çox kitab toplamağa sərf edəcəyini deyir: “Kitab Ümumiyyətlə özü sərvətdir. Adicə bir kitabı sərvətdir. Kitabsız mən ümumiyyətlə yaşamaq mümkün deyil. O, sənin yoldaşındır. Orada çox şey öyrənirsən, savadını artırırsan. Coğrafiyanı öyrənirsən, hadisəni tanıyırsan – araşdırırsan. Bilirsiniz, ən gözəl sərvət kitabdır, var dövlət kitabdır”.

Rauf Həsənzadənin bu kitabxanasında ensiklopediyalar, dünya ədəbiyyatından, xalq təbabətindən bəhs edən kitablar üstünlük təşkil edir.

Elgün Gəncimsoy, Arzu Quliyev APA TV – Tərtər

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR