Tikinti materialları niyə bahalaşıb? - REPORTAJ

# 19:43
16 avqust 2021

Ötən il taxtanın 1 kubu 260-270 manata satıldığı halda bu qiymətlər 460 manata kimi yüksəlib.

 

APA TV-nin məlumatına görə, məsələn bundan əlavə bir il öncə 7-25 manat aralığında satılan dam örtüyü, 12-35 manata, 6 manata satılan 50 kiloqramlıq sement 7 manata, tonu 750-800 manat aralığında təklif olunan armatur isə 900 manata satılır.

Qiymət artımı digər tikinti materiallarından da yan ötməyib.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə istər yerli, istərsə də idxal olunan tikinti materiallarının qiymətində artım müşahidə olunmaqdadır. Bəs bu bahalaşmanın səbəbi nədir? Məsələni araşdırmaq məqsədilə paytaxtda tikinti materillarının satışını həyata keçirən məkanlardan birinə, el arasında Dərnəgül bazarı kimi tanınan ünvana üz tutmuşuq.

 

Bazardakı satıcılar alıcı qıtlığından, alıcılar isə qiymətlərin xeyli bahalaşmasından gileylənir:

 

- Qiymətlər çox qalxıb. Artım əsasən də son vaxtlar müşahidə olunur. Qiymələri qırağa qoyaq, məsələn bazarda 4-lük taxtanı 5-lik taxta adına satırlar. Soruşuruq ki, niyə belədir. Deyirlər ki, bizlik deyil. Taxtanın eni 15 sm gəlməlidir, 14 gəlir. Hazırda bazarda taxtanın 1 kubu ortalama 450-460 manatdır. Amma biz əvvəl taxtanı 320-330 manata alırdıq. Çox qalxıb. Bir də ki, ölçüləri düz gəlmir.

 

- Keçən ilə nisbətdə qiymətlərsə bir qədər fərq var. O da bəzi materiallarda gözə çarpır. Məsələn elə material var ki, heç fərq etməyib. Mən kafel-metlax almağa gəlmişdim. 1 kvadartını 15 manata aldım”.

 

 - Ötən illə müqayisə də qiymətlərdə bahalaşma var. Bu qiymətlər imkansızı qane etmir, imkanlını qane edir”.

 

Elə satıcılar özləri də qiymət artımının olduğunu və tikinti bazarına təsirsiz ötüşmədiyini etiraf edirlər:

 

 - Hazırda alıcı qıtlığı var. Bu da yəqin ki, bahalaşma ilə əlaqəlidir. Get-gedə qiymətlər artır. Qiymət atımı satış mərkəzindən olmur. Bu istehsal mərkəzindən asılıdır. Qiymətə nəzarət etmək lazımdır. Bu bizlik deyil. Armaturklar arasında sex malı var, zavod malı var, Rusiya istehsalı olan armatur var. Hamısı da müxtəlif qiymətlərədir. Məsələn sex mallarının tonu 900 manatdır, zavod malı 1450 manatdır”.

 

- Qiymətlər çox qalxıb. Ona görə alıcı çox zəifdir. Qiymət artımının səbəbini bilmirik. Çətindir demək, çünki nöqsanlar çoxdur. Bu saat taxtanın bir kubunu 450 manata satırıq.

 

- Alıcı qıtlığı var, zəifdir satış. Görürsən bütün taxtalar qalıb, alıcı tapmırıq. Taxtanın kubunu 450 manata satırıq. Ötən il bu vaxt taxtanın 1 kubu 260-270 manat arası idi. Qiymət 100%-dən çox qalxıb.

 

Əmlak eksperti Elnur Fərzəliyev bildirir ki, hazırda bəzi tikinti materiallarında 20%, bəzilərində isə 100%-lik qiymət artımı müşahidə olunmaqdadır. Ekspert bunu koronavirus pandemiyasının təsiri ilə əlaqələndirir: “Ölkə sərhədlərinin bağlı olması, ölkəmizdə və digər ölkələrdə işçi saylarının azaldılması tikinti materiallarının istehsalının azaldılmasına səbəb oldu. Həmçinin sərhədlərin bağlı olması daşınmalarda da müəyyən problemlər yaratdı və daşınma xərclərini demək olar ki, xeyli artırdı. Bu baxımdan nəyinki Azərbaycanda, dünyanın əksər ölkələrində tikinti materiallarının qiymətlərində artımlar müşahidə olunur”.

 

İşğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti, quruculuq işlərinin fonunda bu sahədə tələb və təklifin balansının pozulması ehtimalını da dəyərləndirən ekspert deyir ki, hazırkı durumda Qarabağ aparılan tikinti, quruculuq işlərinin ölkənin tikinti bazarına o qədər də böyük təsir etmir.

 

Əksinə gələcəkdə işğaldan azad olunmuş ərazilərdəki təbii yollarla əldə olunacaq tikinti materialları daxili bazara ayaq açan kimi bu sahədə canlanma yaranacaq: “Bu gün həmin ərazilərdə 140 adda təbii sərvətlər mövcuddur. Onun içində tikintidə istifadə olunan daş karxanaları, mərmər, qranit, dəmir-filiz yataqları, həmçinin  bolsulu çaylardakı çınqıl daşları var. Həmin çınqıl daşları betonun hazırlanmasında əsas material hesab olunur. Bu baxımdan düşünürəm ki, həmin ərazilər bir neçə ildən sonra minalardan təmizləndikdən sonra həmin yataqların istifadəsinə başlanılarsa, bu artıq ölkəmizdə tikinti materiallarının qiymətində stabillik və məhsulların bolluğuna gətirib çıxaracaq”.

 

Elnur Fərzəliyev bildirir ki, hazırkı durumda tikinti materiallarının qiymətinin qalxması daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək və qiymət artımı tikinti xərclərinin də 30-40%-ə qədər artmasına gətirib çıxaracaq.

 

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR