“TikTok” proqramından pul qazanmağın 4 yolu
“Gününə məna qat” sloqanı ilə 2016-cı ildən bəri bütün dünya üzrə ən çox istifadə edilən sosial media platformalarından birinə çevrilən “TikTok” xeyli müddətdir ki, ölkəmizdə də məşhurlaşıb.
APA TV xəbər verir ki, videoaxınlardan ibarət proqramın ən böyük avantajı kiçikhəcmli videolarla sosial mesajlar vermək, əyləncəli, yaxud da maarifləndirici kontentlər hazırlamaq imkanıdır. Applikasiyanın sahibi olduğu videoredaktə funksiyası isə hər hansı bir məzmunu çətinlik çəkmədən digər insanlarla paylaşa bilmək deməkdir.
Lakin youtube, feyzbuk və digər platformaların ardınca “TikTok”un da öz istifadəçilərinə pul qazanmaq şansı təqdim etməsi bir müddət sonra həm dünya, həm də Azərbaycan vətəndaşları arasında ciddi marağa səbəb oldu. Üstəlik, yaxın keçmişdə və hətta indi belə iki-üç dəqiqəlik videokontentlərlə milyonlar qazanıb məşhurlaşan tiktokerlərin sayının artması dediklərimizin həqiqət olduğunun bariz nümunəsidir.
Biz də APA TV olaraq, öz növbəmizdə “TikTok” platformasından necə gəlir qazanmağın yolları barədə araşdırma apardıq. Həm internet platformaları, həm də mütəxəssislərin tənqid və təriflərində yer almış bilgilərdən yola çıxan məşhur yutuber, “Demədi Demə” kanalının yaradıcısı Bahadur Hoca bu xüsusda dörd əsas metoddan yararlana biləcəyimizi deyir:
“Birincisi coinlər vasitəsilə pul qazanmaqdır. Bunlar tiktokun özünün satdığı elektron puldur. Siz də istədiyiniz qədər coinlər ala bilərsiniz. 1 dollar, 10 dollar, 100 dollar və s. Deyək ki, izlədiyiniz bir tiktoker var. O canlı yayımlar açdıqda hədiyyələr göndərə bilərsiniz. Canlı yayım açanın balansına o coinlər yığıldıqdan sonra onu pula çevirib tiktokdan çıxara bilər.
Dediyinə görə, özünün də yeni istifadə etməyə başladığı TikTok proqramında gəlir qazanmağın ikinci yolu reklam və ya tanıtımdır: “İkincisi marka tanıtımıdır. Məsələn, deyək ki, sən tiktokersən və yüz minlərlə baxış sayın var. Deyək ki, zeytun yağı istehsal edən X bir firma var. Həmin firma ilə danışıb deyirsən ki, qardaş, mənim ayda dörd-beş milyon baxışım var. Sənin markanı reklam edə bilərəm. Videolarımın daxilində, danışdığım zaman, yaxud da baner şəklində sənin məhsulunu tanıda bilərəm. Marka tanıtımı budur”.
Digər iki üsula gəlincə, müsahibimizin sözlərinə görə, onlardan biri “TikTok”un özü tərəfindən təqdim olunan reklamlardır ki, məlum yenilik dünyanın sadəcə bir neçə ölkəsində istifadəyə verilib. Dördüncü və sonuncu üsul isə “TikTok” hesabını böyüdərək münasib qiymətə satmaqdır. Çünki digər platformalardan fərqli olaraq “TikTok”da yaradacağınız hesabın auditoriya toplama müddəti 2-3 il yox, sadəcə bir neçə aydır. Üstəlik, həmin auditoriya və baxış sayları şişirdilmir. Bahadur Hoca deyir ki, youtubedə beş-on min baxışlıq materialın “TikTok”da 1 saata yarım milyon izləmə toplamasının əsas səbəbi proqramın sürüşdürmə prosesi əsasında yaradılmasıdır. Beləliklə, baxış sayının hesablanması üçün sözügedən materialın sadəcə sürüşdürülməsi kifayət edir.
Fəqət bütün bu üstünlüklərinə rəğmən Tiktoker olmağın da öz şərtləri var. Dijital marketinq üzrə mütəxəssis Həsən Fətəliyevin sözlərinə görə, həmin şərtlərdən ilki qadağan olunmuş kontentləri paylaşmamaqdır: “İlk növbədə onu bildirim ki, əgər hesabınızın pul qazanacaq dərəcədə inkişaf etməsini istəyirsinizsə, onu düzgün şəkildə istifadə etmək lazımdır. Çünki digər sosial şəbəkələr kimi “TikTok” da istər müəllif hüquqları, istər problemli görüntülər, erotik məzmunlu, yaxud cinayət, saxta xəbərlər ilə mübarizə aparır. Bu cür kontentlər yaradırsınızsa, əmin olun, hesabınız bağlanacaq”.
“Proqramdan necə daha artıq qazanc əldə edə bilərik?” sualına gəlincə isə Həsən Fətəliyev deyir ki, hesabınızı inkişaf etdirmək üçün orijinal kontent istehsal etməlisiniz: "Hazırlanan materialda səs və görüntü sizə məxsus olmalıdır. Bir də videolarda etiketləmə deyilən şey var ki, etiketlər nə qədər çox olsa, o qədər uğurlu olar. Əslində belə deyil. Etiketlər nə qədər orijinal olsa, o qədər effektiv olacaq”.
Söz yox, istər Azərbaycan, istərsə də digər ölkələrdə “TikTok” istifadəçilərinin əsasən intellektual kəsimdən ibarət olduğunu deyə bilməyəcəyik. Lakin unutmaq olmaz ki, bir vaxtların “çat” məkanı hesab olunan Feyzbuk bu gün “Metaverse” dönəminə keçidin əsas təşəbbüskarlarından biridir. Deməli, hansı proqramı necə və hansı niyyətlə istifadə etmək də bizim öz seçimlərimizdən asılıdır. Necə deyərlər, nə töksək aşımıza, o da çıxacaq qarşımıza...
Mir Çingiz Ağazadə
Ceyhun Mustafayev
APA TV