Türkiyə şirkətləri bizə nələr qazandıracaq? - Dünyanın inanmadığı rəqəmlər

# 20:32
28 oktyabr 2021

Dostluq, qardaşlıq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri getdikcə möhkəmlənir. Bu iki qardaş ölkənin sıx bağlılığı, doğmalığı Vətən Müharibəsində özünü daha qabarıq şəkildə büruzə verdi.  İkinci Qarabağ savaşı başlanan gündən, elə ilk saatlardan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Azərbaycana birmənalı, dəqiq və açıq dəstəyini ifadə etdi. Bu dəstək müharibənin sonuna kimi deyil, bu günə kimi də davam edir.

 

Deputat Əziz Ələkbərli deyir ki, 44 günlük Vətən Müharibəsində qardaş Türkiyə ilk gündən Azərbaycanın yanında oldu, siyasi və mənəvi dəstək verdi: “Müharibədən sonrakı dönəmdə də  quruculuq və abadlıq işlərində Türkiyə yenə də bizim yanımızda oldu. Cənab Ərdoğanın bölgəyə səfərləri bir daha dünyaya, region dövlətlərinə mesaj verdi ki, müharibə dövründə olduğu kimi müharibədən sonrakı dövrdə də quruculuq işlərində  Türkiyə hər zaman Azərbaycanın yanında olacaq”.

 

Qardaş ölkə Qarabağın bərpasında da köməyini əsirgəmədi. Elə ilk müqavilələr Türkiyə şirkətləri ilə imzalandı. Hazırda bir sıra türk şirkətləri Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşasında, eyni zamanda Göygöl bölgəsindən Kəlbəcərə magistralın çəkilişində səmərəli fəaliyyət göstərir.

 

Deputatın sözlərinə görə, qardaş ölkələr bərpa və inkişafda da müharibədə olduğu kimi, əl-ələ verirlər: “Cənab Prezident post-müharibə dövründə  tək Türkiyəyə yox başqa dünya dövlətlərinə öz mesajını verdi ki, kim Azərbaycan ərazilərinin bərpa olunmasında onun yanında olacaqsa ölkəmizin qapısı  həmin dost dövlətlərə hər zaman açıq olacaq. Hazırda ölkəmizdə Türkiyə şirkətləri ilə yanaşı İtaliya şirkətləri də həmin ərazilərdə fəaliyyət göstərmək istəklərini bildiriblər. Ən mühüm layihələrdən biri 8 ayda inşa edilən Füzuli hava limanının açılışıdır. Bu açılışla dünyaya verilən mesajlardan birincisi Türkiyə  Qarabağdadır!, Türkiyə Azərbaycandadır! Və Türkiyə regiondadır. Digər bir mesaj isə dostluq mesajı oldu ki, Türkiyə və Azərbaycan prezidentləri Qarabağın hava qapılarını  dünyanın üzünə açdılar. Yəni xoş məramla bu bölgəyə gəlmək istəyən bu qapılardan içəri keçə bilər”.   Ümumi iqtisadi statistik məlumatlara nəzər yetirəndə görürük ki, Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiyalarının həcmi 19,5 milyard, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyanın həcmi 12 milyard dollar təşkil edir. Türkiyə Azərbaycanın qeyri-neft sektorunda ən böyük yatırımçılardan biridir. Azərbaycan isə əsasən Türkiyənin enerji, kimya sənayesi sektoruna ən çox yatırım edən ölkələrdən biri hesab olunur.

 

Mütəxəssislər də hesab edir ki, Türkiyə Azərbaycanın əsas iqtisadi müttəfiqlərindən biri olduğundan və inşaat sahəsində dünyanın aparıcı ölkələri ilə bir sırada dayandığından Qarabağda aparılan bərpa işlərində də iştirakı mühüm əhəmiyyət kəsb edir. Hazırda Qarabağda inşaat layihələrinə 13000-dən artıq yerli işçi qüvvəsi cəlb olunub. Türkiyə şirkətləri üzrə isə 6500-ə yaxın işçidən 1800-ü qardaş ölkənin vətəndaşı, 4700 işçi isə azərbaycanlılardan ibarətdir.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Coşqun Cəfərovun sözlərinə görə, bu ilin fevral ayında 11 sektor üzrə birlikdə əməkdaşlığı nəzərdə tutan 11 müqavilə Azərbaycan-Türkiyə iqtisadiyyatının həm qarşılıqlı genişləndirilməsinə, həm də bu sahədə Türkiyə təcrübəsinin öyrənilməsinə böyük alternativlər vəd edir: “İşğaldan azad olunmuş ərazilərdə Türkiyə şirkətlərinin rolu həddindən artıq yüksəkdir. Belə ki, Cəbrayıl zonasında yaradılmış Araz İqtisadi Zonasında Türkiyə şirkətlərinin iştirak potensialı həddindən artıq yüksək qiymətləndirilir. Hazırda ölkəmizdə 4,2 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir və bu şirkətlərin həmin ərazilərdə həm iqtisadiyyatın canlandırılmasında böyük rolu olacaq, həm də yenidənqurma və bərpa işlərində də Türkiyə şirkətləri geniş fəaliyyət göstərir”.

 

Türkiyə şirkətləri yolların və tunellərin tikilməsi işləri ilə yanaşı, dağ mədən sənayesi sahəsində də fəaliyyət göstərirlər. Qarabağda yerləşən yataqların işlənməsinə qardaş ölkənin ən təcrübəli, nəhəng şirkətləri cəlb olunublar: “Türkiyə şirkətləri dünya təcrübəsini qazanmış və daha çox peşəkarlıq qazanmış şirkətlərdir. Təcrübənin və texnologiyanın gətirilməsi nəticəsində həmin ərazilərdə keyfiyyətli işin görülməsi mühüm əhəmiyyətə malikdir. Türkiyənin 44 şirkətinin inşaat sahəsində TOP 250-liyə daxildir. Həmin şirkətlərin öz ölkələrində həyata keçirdiyi layihələrin əksəriyyəti yüksək keyfiyyətlə həyata keçirilib. Artıq böyük logistik mərkəz halına gəlib. Bu həm hava limanlarının tikintisində, həm də yolların çəkilişində böyük təcrübəyə malikdir. Həmin təcrübənin Azərbaycan gətirilməsi və keyfiyyətli işin görülməsi də olduqca vacib məsələdir”. 

 

Bununla yanaşı, Türkiyə şirkətləri yaxın gələcəkdə işğaldan azad olunan ərazilərdə turizm və aqrar sahələrə də investisiya qoymağı planlaşdırırlar. Bu isə ondan xəbər verir ki, iki ölkə arasındakı əməkdaşlıq növbəti illərdə də daha geniş formada davam etdiriləcək.

 

İlahə Vəliyeva Musa Qulammirzəyev APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR