Üç dost eyni gündə şəhid oldu - REPORTAJ

# 14:35
2 iyun 2021

Bu gün Vətən Müharibəsinin 22 yaşlı şəhidi Əbdülrza Şəmməd oğlu Rəfibəylinin doğum günüdür.

 

APA TV-nin məlumatına görə, ailə üzvləri Əbdülrzanın ad gününü ilk dəfə olaraq evdə deyil, onun məzarı başında qeyd edirlər. Valideynləri deyir ki, övladları müharibəyə könüllü yollanıb.

 

Atası Şəmməd Rəfiyev deyir ki, minaatan manqasının komandiri olan gənc Əbdülrza döyüşlərin gedişində düşmənin onlarla texnikasını, neçə-neçə canlı qüvvəsini məhv edib. Tale elə gətirib ki, ixtisasca minaatan olan Əbdülrza elə düşmənin atdığı minaatan mərmisinin qəlpəsindən şəhid olub: “Mənin 3 oğlum var. Onlardan ən Vətənə bağlı olan, ən özünü istədən kiçik oğlum Əbdülrza idi. O, Vətəni çox sevirdi. Nadinc olsa da, hamı onun xətrini çox istəyirdi. Böyüklə böyük, kiçiklə kiçik kimi idi. Sentyabrın 27-dən gedib cəbhəyə. Müharibənin ilk günündən oğlum döyüşlərdə iştirak edib”.

 

Anası Səkinə xanım oğlu ilə qürur duyduğunu söyləyir: “Əbdülrza Vətənini çox sevərdi. Mən həmişə qürur duyuram ki, onun kimi oğlum var. Fəxr edirəm onunla. Sentyabrın 21-də axırıncı dəfə mənə dedi ki, ana, mənə halallıq ver. Telefon kəsildi, cavabını verə bilmədim. Həmişə deyirdi ki, ana, başını dik tutarsan. “Sən mənimlə fəxr elə” deyirdi həmişə”.

 

Qəhrəmanımızın sentyabrın 27-dən başlayan döyüş yolu Füzuli, Cəbrayıl, Hadrut və Qubadlıdan keçməklə Xocavənd rayonunda yekunlaşıb.

 

Əbdülrzanın döyüş yoldaşı Sahib Novruzlu deyir ki, onlar Xocavənd istiqamətində mühasirəyə düşərək xeyli sayda itki veriblər. Ağır döyüşdə düşmən mühasirəsini yarsalar da, Əbdülrza ən yaxın dostları Mehrac və Muradla birlikdə şəhidlik zirvəsinə ucalıb həmin gün: “Yaşının az olmağına baxmayaraq, mərd idi, qorxmaz idi. Qabağa getmək lazım olanda ən birinci qabağa gedənlərdən biri idi Əbdülrza. Hətta elə olub ki, bir neçə dəfə döyüş yoldaşlarının həyatını xilas edib. Əbdülrzanın qorxmazlığı hamını heyran edirdi”.

 

Əbdülrza ilə çiyin-çiyinə ağır döyüşlərdən keçən və canlarını Vətənə əmanət etmiş şəhid Mehrac Əhədov və şəhid Murad Məmmədlinin valideynləri də bu gün övladlarının ən yaxın dostunun ad günündə onun ailə üzvlərini tək buraxmayıblar.

 

Qeyd edək ki, şəhid Əbdülrza Şəmməd oğlu Rəfibəyli ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Allah rəhmət eləsin!

 

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR