Ucarda yol problemi: Bələdiyyə pul tapmır

# 12:51
17 sentyabr 2021

Ucar rayonunun Qarabörk kəndində 60-a yaxın ailənin yaşadığı küçənin sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayət edirlər.

APA TV-nin yerli bürosunun xəbərinə görə, sakinlər deyir ki, rayon mərkəzi ilə sərhəd olan Qarabörk kəndinin bir neçə küçəsinin yollarına asfalt örtüyü vurulsa da çəkiliş apardığımız küçənin  acınacaqlı vəziyyəti heç kimi maraqlandırmayıb.

Onların sözlərinə görə, öz vəsaitləri hesabına bir neçə dəfə küçədə müəyyən bərpa işləri aparıblar. Lakin hazırkı vəziyyət sakinləri cana gətirib:

- Bu kənddə bütün yollar asfaltlanıb. Bircə bu küçələr qalıb, bizim tək şikayətimiz budur ki yolumuzu asfaltlayıb versinlər bizə. Sabah-birigün məktəblər açılır. Bilmirik beş manat qazanc dalınca gedək ya uşaqları məktəbə aparıb gətirək.       

-Ayağımızdan qaloş çıxmır, şəpik geyinə bilmirik. Tozda gəzirik. Qalmışıq. Uşaqları məktəbə apara bilmirik. Maşın 20 manat istəyir. Haradan alaq.

-Vəziyyətlə bağlı bələdiyyəyə neçə dəfə deyilib. O da deyir ki, bizim fondda pul yoxdur. Əgər sizdə imkan varsa bizim cibimizə uyğun düşək üstünə. Biz il 12 ayı çəkməylə hərlənirik. Yayda toz-torpaqdan, qışda palçıqdan ayağımıza ayaqqabı geyib çıxa bilmirik.                                                                                                                               

Məsələyə münasibət bildirən Ucar Rayon İcra Hakimiyyətinin Qarabörk kənd inzibati ərazi dairəsi üzrə müvəqqəti nümayəndəsi Mansur Əşrəfov yanarmış problemdən xəbərdar olduqlarını bildirdi. O, qeyd etdi ki, vətəndaşların haqlı narazılığını nəzərə alaraq əraziyə baxış keçirilib. Yaxın vaxtlarda yaranmış problem öz müsbət həllini tapacaq.

 

Zahid Abışov, Devran Əsgərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR