Un məhsullarının bahalaşması niyə qaçılmazdır? – APA TV

# 18:41
17 avqust 2022

Hazırda dünyada baş verən proseslər əksər məhsulların sürətlə bahalaşmasına səbəb olur. Bu təsirlərə ən çox məruz qalan məhsullardan biri də taxıldır. Təəssüf ki, idxal məhsullarındakı qiymət artımı Azərbaycana da təsirsiz ötüşmür. Azərbaycan taxılı daha çox 3 ölkədən – Rusiya, Qazaxıstan və Ukraynadan idxal edirdi. Hazırda Rusiya və Qazaxıstan xarici ölkələrə taxıl satışına məhdudiyyət qoyub. Ukrayna isə müharibəyə görə taxıl ixrac edə bilmir. Bütün bunlara görə ekspertlər düşünürlər ki, un məhsullarının qiymət artımı qaçılmaz hal alıb.

 

İqtisadçı ekspert Xalid kərimlinin deyir ki, Rusiya və Ukrayna dünya bazarının, ixrac bazarının 25-30%-ni, bu iki ölkədən keçir: “Ukraynada təqribən, dünya taxılının ixrac bazarında taxıl məhsullarının 8-10%-i Ukraynanın payına düşür, yerdə qalan da 17-20% müxtəlif illərdə Rusiya dünya taxıl bazarında, dənli bitkilər bazarında ixrac məhsulları içərisində, belə deyək də, əsas birinci ölkə olub. Yəni, biri var ki, tutaq ki, çox istehsal edə biləsən, misal üçün Hindistan kimi, Çin kimi, ancaq bu ölkələrin daxili tələbi yüksək olduğuna görə Hindistan dünyanın ən böyük üç taxıl hasilatçısı içərisində olsa da, amma cəmisi dünya ixrac bazarının 1%-ni tutur. Ancaq buna baxmayaraq, Ukrayna dünya taxıl ixracında 8% ilə əhəmiyyətli mövqeyə malikdir və Ukraynanın dünya taxıl bazarından çıxması dünya qiymətlərinə ciddi surətdə təsir göstərən amillərdəndir. Nəzərə alsaq ki, Rusiya taxıl bazarında mühüm payı var və Rusiya bu bazarda belə deyək də, Rusiyaya qarşı müxtəlif sanksiyalar var və Rusiyada bir çox əmtəələrini tətbiq edilən sanksiyalara görə və yaxud da özünün kontur sanksiyalarına görə bir çox əmtəələrini bu cür mübarizələrdə instrument kimi, alət kimi istifadə edir. Yəni, istənilən halda Rusiya və Ukraynanın ətrafında baş verən oyunlar müxtəlif əmtəələrə, enerji resurslarına, o cümlədən, taxıl qiymətlərinə mənfi təsir göstərir”.

 

Xalid Kərimli deyir ki, Rusiya və Belarus dünya gübrə ixracatının təqribən 50%-dən çoxunu formalaşdırır. Hazırda hər iki ölkəyə qarşı sanksiyalar var. Bu da kənd təsərrüfatı məhsullarının maya dəyərini artırır. Onun sözlərinə görə, bahalaşmaya təsir edən digər səbəb isə Qara dənizin müharibə dənizinə çevrilməsidir: “Rusiya və Ukrayna, belə deyək, Qara dənizdən istifadə edərək taxıl ixracını belə həyata keçirirdilər. Yəni, düzdür, digər istiqamət, dəmiryolu daşımaçılıqları mövcuddur, ancaq ümumiyyətlə,  Qara dənizin də müharibə dənizinə çevrilməsi və burada yükdaşımaların həyata keçməməsi ona gətirib çıxarır ki, ərzaq məhsullarının, o cümlədən, taxıl məhsullarının qiyməti bahalaşıb”.

 

Millət vəkili Aydın Hüseynov da düşünür ki, bu günə qədər taxılın qiyməti ölkəmizdə subsidiyalar hesabına tənzimlənirdi, lakin dünyada yaranmış qıtlıqdan qaçmaq artıq mümkünsüzdür: “Məlumdur ki, artıq dünyada taxıl böhranı var, bu fakt var. Bu da nə ilə əlaqəlidir; birinci növbədə, taxılın özünün taxıl istehsal edən, idxal edən ölkələrin özündə bu məhsulun həcmi azalıb. Digər tərəfdən dünya əhalisi artır, tələbat da artır və başqa təsir edən qlobal amillər də var. Bunlar isə qlobal istiləşmədir, qlobal istiləşmə öz təsirini göstərir və digər tərəfdən isə geosiyasi proseslər , amillər, elə götürək təkcə Ukrayna ilə Rusiya arasında gedən bu müharibədən sonra taxılın qiymətində çox kəskin artma var. Əgər keçən ili bu illə müqayisə etsək, keçən il avqust, 2021-ci ilin avqustunda dünya bazarında taxılın qiyməti 250 dollar idi. Indi isə 350 dollardır və indinin özündə, yəni, bilirsiniz ki, avqust ayında bu məhsulun, belə deyək ki, yığım vaxtıdır. Məhsulun haradasa, əgər biz mövsümü və digər aylarla müqayisə etsək, bol olan vaxtıdır. İndiki halda əgər 350 dollardırsa, sonrakı aylarda taxılın qiymətinin 420 dollara qədər artacağı proqnozlaşdırılır”.

 

Aydın Hüseynovun sözlərinə görə, Azərbaycanın illik bir milyon altı yüz min ton taxıla ehtiyacı var. Hazırda bunun bir milyon iki yüz min tonunu idxal edirik. İdxal məhsulu isə qiymətini də özü ilə bərabər daxili bazara gətirir.

 

Bəs qiymət artımının təsirlərini minimuma endirmək üçün hansı işlər görülür? Deputat deyir ki, bütün bunlar öncədən təxmin edilib deyə, hökumət hələ 2011-ci ildə ərzaq təhlükəsizliyi proqramı hazırlayıb: “Ölkəmizdə həm şimal, qərb və digər bölgələrdə hələ bir neçə il bundan əvvəl, böyük su anbarları tikildi. Bunun özü çox mühüm bir amil idi. Digər tərəfdən fermerlərimizə və kənd təsərrüfatı ilə məşğul olan iş adamlarına güzəştli kreditlərin verilməsi, ən başlıcası isə bir çox əksər vergilərdən azad olunması, həm gübrəyə görə, həm yanacağa görə subsidiyaların verilməsi indi isə konkret olaraq, həm taxıla görə, həm əkinə görə, məhsulun çatdırılmasına görə subsidiyaların verilməsi, bax, bu deməli, bizim taxıl istehsalımızı genişləndirir.

 

İndi bu il ərzində təkcə Qarabağda 50000 hektar əkilib. Yəni, həm işğaldan azad olunan bizim ərazilərimizdə, Qarabağ iqtisadi zonasında, Zəngəzur iqtisadi zonasında bizim çox böyük kənd təsərrüfatı potensialımız var. Bu şərait həm torpağın olması, digər tərəfdən suvarmanın olması, su ehtiyatlarının olması, bax, bu isə deməli, bizim taxıl ehtiyatlarımızın genişlənməsinə imkan yaradacaq və əslində isə strategiya ondan ibarətdir ki, yaxın illərdə biz öz deməli, daxili tələbatın ödənilməsini 80%-ə çatdıraq”.

 

Ekspertlər düşünür ki, daxili taxıl bazarında sabitliyə nail olmaq üçün süni qiymət artımına qətiyyən yol verilməməlidir. Hazırda bu sahədə görülən tədbirlər daha da sərtləşdirilməlidir. Çünki taxıl bazarı indiki halda təsirlərə daha tez məruz qalır. Onların fikrincə, taxılın ölkədən çıxarılması məsələsinə də sərt formada nəzarət edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR