Uşaq musiqi məktəbindən ilk – AĞDAMDA KONSERT VERDİLƏR

# 20:45
11 noyabr 2021

İllərdir köçkünlük həyatı yaşayan Ağdam uşaq musiqi məktəbi ilk dəfə Ağdamda tamaşaçılar qarşısında konsert proqramı ilə çıxış edib.

 

APA TV-nin xəbərinə görə, Ağdam rayon Cabbar Qaryağdıoğlu adına 1 saylı uşaq musiqi məktəbinin konserti Ağdam Muğam Mərkəzində təşkil olunub. Tədbirdə Vətən müharibəsi qaziləri, rayon ictimaiyyətinin nümayəndələri və yerli musiqisevərlər iştirak edib. Konsert öncəsi çıxışlar zamanı zəfər gününü Azərbaycan xalqına yaşadan Ali Baş Komandana və Müzəffər Azərbaycan Ordusuna minnətdarlıq ifadə olunub.
 

Məktəbin müəllim və şagird kollektivindən ibarət musiqi ansamblı xüsusi ilə vətənpərvərlik mövzusunda olan musiqi nömrələri ifa ediblər. Konsertdə iştirak edən Respublikanın Xalq Artisti Azad Şükürov Azərbaycan incəsənətinin dövlətin xüsusi diqqətində olduğunu bildirim. O, Şuşada keçirilən “Xarı Bülbül” musiqi festivalından sonra növbəti illərdə Ağdam şəhərində də beynəlxalq teatr festivalının təşkil olunacağını bildirib.


Xatırladaq ki, Ağdam rayon Cabbar Qaryağdıoğlu adına 1 saylı Uşaq Musiqi Məktəbi rayonun ilk musiqi məktəbi olmaqla 1947-ci ildə yaradılıb. Hazırda məktəbdə 54 müəllim səkkiz ixtisas üzrə 261 şagirdə musiqi sənətini tədris edir.


Elgün Gəncimsoy,

Ziya İsmayıloğlu,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR