Uşaqlarımızı kim dondurur?

# 20:44
1 dekabr 2021

Ucar rayonunun bəzi məktəb və bağçalarında istilik problemi yaşanır.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Lək kəndi 1 nömrəli körpələr evi-uşaq bağçası baxımsızlıqdan bərbad vəziyyətdədir.

Sınıq qapılar, şüşəsiz pəncərələr, antisanitar vəziyyətdə olan otaqlar. Çəkiliş apardığımız vaxt 30 yerlik bağçada cəmi 3 uşağın olduğunu və onların da paltoda oturduqlarının şahidi olduq.

Valideynlərin dediyinə görə, uzun müddətdir ki, uşaqlarını bağçaya buraxmırlar. Səbəb isə bağçadakı şəraitsizlik, antisanitar vəziyyət, istilik və suyun olmamasıdır.

Valideyn Xatirə Tağıyeva deyir ki, uşaqlarının səhhətləri ilə bağlı çox narahatdırlar: “Şərait yoxdur. Yanacağımız yoxdur. Bina qızdırılmır. Uşaqlar gödəkçə ilə oturur. Uşaqların bağçaya gəlməməsinə səbəb otaqlarda normal istiliyin olmamasıdır. Kəndimizdə qaz var, gəl, bağçamızda yoxdur.“ 

Bağçada aşpaz işləyən Arzu Abbasova bildirir ki, bağçada su problemi bir ildir davam edir: “Son bir ildir ki, burada su olmadığından hər gün evdən su gətirməli oluram. Əvvəllər yaxınlıqdan keçən arxda su götürüb istifadə edirdik. Son bir ildir ki, arxda da su yoxdur. Bu səbəbdən də çox çətinlik çəkirik. Uşaqların da bağçaya gəlməməsinə əsas səbəb istilik və su problemidir.”                                                   

Ucar Şəhəri 6 nömrəli körpələr evi-uşaq bağçasında da istilik sarıdan vəziyyət ürəkaçan deyil. Müdir əvəzi Xatirə Əsgərova şifahi olaraq bildirdi ki, bağça 1952-ci ildən fəaliyyət göstərir. Ötən ilin avqust ayında 70 yerlik müasir tipli yeni bağça istifadəyə verilib. Hazırda istilik tələbata uyğun olmadığından bağçada cəmi 18 uşaq var. Onun sözlərinə görə, müvafiq qurumla danışıqlar aparılıb. Son bir həftə ərzində istilik problemi kökündən həll olunacaq.  

Yaranmış problemlə əlaqədar RİH başçısının müavini - ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayevadan münasibət öyrənmək istəsək də, dəfələrlə cəhd etməyimizə baxmayaraq, telefon zənglərimizə cavab verilmədi.

Rayonun Əziz Əliyev adına 2 nömrəli Qazyan kənd tam orta məktəbində də istilik problemi yaşanır. 1958-ci ildə istifadəyə verilmiş məktəb binası istismar müddətini başa vurduğundan bərbad vəziyyətdədir. Məktəbdə hökm sürən soyuq hava və şəraitsizlik səbəbindən bəzi valideynlər uşaqlarını məktəbdən çıxarıblar.

Məktəbdəki vəziyyətlə bağlı çəkiliş aparmaq istəsək də, özünü mühafizəçi kimi təqdim edən şəxs Ucar rayon Təhsil Şöbəsinin rəhbərliyinin göstərişinə əsasən içəri girişin qadağan olunduğunu bildirdi.

Məsələ ilə bağlı Ucar rayon təhsil şöbəsinin müdiri Rauf Məmmədovla əlaqə saxladıq. O şifahi olaraq bildirdi ki, mövcud vəziyyətdən xəbərdardırlar. Təhsil ocağı odunla tam təmin olunub. Amma problem ondan ibarətdir ki, məktəb binası qəzalı vəziyyətdədir. Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar aidiyyəti orqanlar qarşısında məsələ qaldırılıb. Məktəbin yenidən qurulması məsələsi 2019/2023-cü il dövlət proqramına salınıb. Əraziyə baxış keçirilib. Yaxın gələcəkdə  həmin ərazidə standartlara uyğun, müasir tipli yeni məktəb binası inşa olunacaq və istiliyin verilişindəki  problem tam həll olunacaq.

Görünən odur ki, soyuğun iliyə işlədiyi bu vaxtlarda şagirdlər hələ bir müddət də soyuqdan  divarları buz bağlayan, tüstüdən göz-gözü görməyən sinif otaqlarında dərs keçməli olacaqlar. 

Zahid Abışov, Devran Əsgərov, APA TV      

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR