Vahid Əhmədov: “Müəyyən dəyişikliklər olacaq”
“2022-ci ilin dövlət büdcəsində əmək haqqı, pensiya və müavinətlər artacaq”.
APA TV xəbər verir ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sosial siyasəti komitəsinin iclasında “2022-ci ilin büdcə zərfinə daxil olan məsələlər”in müzakirəsindən sonra APA TV-yə müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sosial siyasəti komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib: “2022-ci ilin dövlət büdcəsində əmək haqqı, pensiya və müavinətlər artacaq. Eyni zamanda sosial sahələrə diqqət böyükdür. Bu məsələ Azərbaycan Prezidentinin nəzarəti altındadır. Büdcə müzakirələri üç oxunuşdan sonra artıq Parlamentin iclasına tövsiyə olunacaq və təbii ki, orda da müəyyən dəyişikliklər olacaq. Yəni sosial sahəyə diqqət böyükdür”.
İkinci ən ciddi məsələ isə Qarabağda aparılan quruculuq işləridir: “Bildiyiniz kimi, cənab Prezident demək olar ki, tez-tez bölgəyə səfər edir. Burda artıq işlərə start verilib və Prezident özü yoxlayır, nəzarət edir. Bu bizim üçün ikinci prioritet sahədir. Dövlət büdcəsində əsas prioritet sahə kimi Azərbaycanın təhlükəsizliyi əsas götürülür. Müdafiə və təhsil xərcləri, səhiyyə, sosial siyasət sahəsidir ki, bura da diqqət yetərincədir. Təxminən dövlət büdcəsinin 50 faizi bu sahələrə ayrılıb”.
Vahid Əhmədov qeyd edib ki, 2022-ci il dövlət büdcəsi kifayət qədər əhatəlidir.