Varlıq içində yoxluq çəkənlərin kəndi - MASAZIRDAKI SOYUQ CƏHƏNNƏM ... – ARAŞDIRMA

# 17:37
16 dekabr 2021

Bu kənd hansısa ucqar rayonumuzda yerləşmir. Bakıdan azca uzaqlıqda yerləşir. Ərazidə yaşayan vətəndaşlar deyir ki, mütəmadi olaraq buradan keçirik və hava azca yağıntılı olan kimi yollar bərbad vəziyyətə düşür. Asfalt deyilən şey yoxdur. Buradakı çınqılları belə sakinlər öz ciblərindən pul xərcləyərək töküblər. Və bu ərazidə yerləşən kanalizasiya xətti gəlib bu yaşıllığa tökülür. Ki, bu kanalizasiya xəttini belə vətəndaşlar öz xərcləri hesabına hazırlatdırıblar.

 

Doğrusu, materialın girişini təkcə yolsuzluq mövzusu ilə başlamaq istəməzdik. Çünki Masazır qəsəbəsinin az qalsın, hər tin-bucağında min bir problemlə rastlaşdıq. Yarıbayarı asfaltlanmış küçələr, palçıq gölməçəsinə çevrilmiş çınqıl örtüyü, xəttsiz qalmış kanalizasiya boruları və daha nələr-nələr... Bir sözlə, Masazır camaatı varlıq içində yoxluq yaşayır.  

 

Kənd sakini Pənah Mürşüdov deyir ki, uşaqlar məktəbə gedə bilmir: “Təcili yardım gələ bilmir. Özümüz bir yana çıxa bilmirik. Yaşlı adamlarıq. Aidiyyatı qurumlardan əncam çəkmələrini istəyirik. Ki, yolumuza asvalt çəksinlər”.

 

Pənah dayının çəkdiyi cəhənnəm əzabı təkcə İsmayıl Şıxlı küçəsinin əzabkeş sakinlərinə yox, bütün Masazır əhlinə doğmadır. Məsələn, əlimizdəki mikrofonu görən kimi bizə yaxınlaşan Həsənağa Qasımov da köhnə kişilərdəndir. Deyir, Masazır bir yandan qəm dəryasına batıbsa, o biri yandan da kanalizasiya gölündə boğulur. Hətta kənd camaatı qalstuklu bəylərin faydasız gediş-gəlişindən o qədər təngə gəlib ki, axırda özləri qollarını və ciblərini çirmələyib təzə metodlara başlayıblar.

 

Kənd sakini Həsənağa Qasımov isə deyir ki, heç zibil yeşiyi də yoxdur: “Bir dənə zibil yeşiyi o kəllədə var. Divarlara mıx vururlar ki, zibili as ora. Görürsən, səhər itlər gəlib dağıdıb, töküb ora. Bələdiyyə işçiləri də gəlib deyirlər, “3 manat ver, 5 manat ver”, güya zibil aparırlar. Aparırlar e, ayda bir dəfə gəlir maşın. Zibil hara atılmalıdır?” 

 

Təfsilatları öyrəndikcə məlum oldu ki, bayaqdan üzərində gəzişdiyimiz asfalt qırıntıları da bəzi sakinlərin geniş ürəyi hesabına ərsəyə gəlib. Onlar gah maşını 200 manatdan torpaq yolu çınqılla döşəyir, gah təkər tapıb üstündə “klass-klass” oynayırlar...

 

Hazırda üzərində dayandığım bu təkər vətəndaşların xilaskarıdır. Çünki hava azca yağışlı olan kimi, sakinlər məcburiyyət qarşısında qalıb bu təkərlərdən istifadə edir. Onların üzərindən hoppanaraq özlərini getmək istədikləri ünvana çatdırırlar.

 

Ancaq problemlərin sayı 1 deyil, 2 deyil. Zibillik və asfaltsızlıqla yanaşı, yenə kənd camaatının öz maddiyyatı hesabına inşa olunan bir balaca kanalizasiyayabənzər boru var ki, deyirlər, onun da bir ucundan hazıra nazirlər xoşməramlı sular axıdır.

 

Pənah Mürşüdovun sözlərinə görə, yaxınlıqdakı binaların çirkab suları onların çəkdiyi xəttə axır: Bax, o hündür binalar var e. Onun xəttini gətirib bizim düzəltdiyimiz kanalizasiya sisteminə qoşublar. Hava yağışlı olanda da su daşır. Həyətlərimizi basır”.

 

Həsənağa Qasımov isə  mövzunu daha da konkretləşdirməyin tərəfdarıdır: “Adı nə idi o binanın? Xəzər idi? Yox, Xəzri İnşaat. Gətirib kanalizasiyan qoşublar bizim xəttə. Nə bir adam gəlib, nə də bir şey. Deyiblər, düzəldəcəyik. Heç nə eləməyiblər.  Hansı problemi həll ediblər ki, bunu da eləsinlər?”

 

Kanalizasiya problemi azmış kimi, camaat bu tərəflərdə Allahın xudmani bir avtobus dayanacağına da həsrət qalıb. Azca bədiiləşdirməyə çalışsaq, sakinlər marşruta minmək üçün gərək əvvəlcə, xəyali dayanacaqda dayanıb gözləsin və nəhayət, magistral boyu göz incidən divardakı yazıları görməzlikdən gəlsin.

 

Tanış olun, daha bir vətəndaş yaradıcılıq nümunəsi. Bura zibil atanın ölüsünə də, dirisinə də can sağlığı arzu edirlər. İş orasındadır, mənim durduğum yer avtobus dayanacağıdır və dayanacaqla üzbəüzdə zibillərin atıldığını görürük.

 

Müsahibəyə təqdimatsız keçmək istəməzdik. Ancaq əvvəlcə bu çıxışı dinləməniz lazımdır ki, növbəti açıqlamaları eşidəndə Masazır bələdiyyəsini günah keçisinə çevirməyəsiniz. Deməli, topladığımız bütün şikayətlərlə birgə müraciət etdiyimiz ilk qurum kənd bələdiyyəsidir. Sədrin özü müsait olmadığı üçün bizə açıqlamanı şöbə müdiri Ceyhun İsmayılov verir. Daha çox bəraətə oxşayan müsahibə zamanı öyrənirik ki, nə yol çəkilişi, nə kanalizasiya xətti, nə də digər məsələlərlə bağlı Bələdiyyə heç bir məsuliyyət daşımır. Geriyə qalır ərazidəki təmizlik işləri ki, bu presudurun niyə ləngidiyini də az öncə eşitdiniz.

 

Masazır bələdiyyəsinin şöbə müdiri məlum problemlərin daha çox maliyyə məsələlərindən qaynaqlandığını bildirir: “Bələdiyyə özünü maliyyələşdirən qurumdur. O da vətəndaşların büdcəsindən qazanır. Asfalt örtüyünə gəldikdə isə o da birbaşa Bələdiyyənin işi deyil. Ara məhəllələrə gələndə, elədiyimiz məhəllələr də var. Asfaltdır, prospektlərdir, bunları düzəltmək üçün maliyyəyə ehtiyac var.  Bəziləri plandadır. Yəni, mütəmadi olaraq bələdiyyə bu işləri görür”.

 

Bələdiyyə sarıdan bəxtimiz gətirməyəndə üz tuturuq Abşeron rayon İcra Hakimiyyətinə. Ancaq qurum rəsmisi Seymur Qasımov ilə bircə dəfə əlaqə yarada bilsək də, iş rəsmi açıqlama mərhələsinə çatanda bəyimizi itiririk. Dəfələrlə zəng etməyimizə baxmayaraq, çağırışlarımız cavabsız qalır. Bu çağırış vaxtının nə qədər uzun olduğunu xatırlatmaq üçün deyək ki, həmin ərəfədə biz hətta vətəndaşların kanalizasiya şəbəkəsi ilə bağlı şikayətlərini “Azərsu” ASC-yə çatdırmışdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə ərazidə kanalizasiya şəbəkəsinin yerli-dibli olmadığını demişdi: “Həmin ərazinin bəzi qismlərində vətəndaşlar tərəfindən fərdi xətlər çəkilib və həmin yerlərdə tez-tez qəzalar, tutulmalar baş verir. Həmin hallar zamanı bizim əməkdaşlar ora texniki xidmət göstərir. Masazırın mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin inşa olunması isə Abşeron yarmadasının baş planına uyğun olaraq nəzərdə tutulub və bu iş mərhələli şəkildə icra edilir”.

 

Hələlik inşasını gözlədiyimiz kanalizasiya xətləri bir yana qalsın. Gəlin, sakinlərin şikayətçi olduğu “Xəzri İnşaat MMC”dən də bir-iki kəlmə danışaq. Axı Seymur bəydən cavab gözləyənə qədər biz də dinc oturmamışdıq. Əksinə, kənddən çıxan kimi getmişdik məlum inşaat şirkətinə. Girişdə bizi xoş sözlərlə qarşılayıb özünü “Xəzri” MMC-nin problemli məsələlər üzrə şöbə müdiri kimi təqdim edən Mövlud Ramazanov demişdi ki, hələ bu tərəflərdə məskunlaşma olmazdan əvvəl Xəzri MMC var imiş və indi Masazır sakinlərinin bir çoxu da icazəli şəkildə bu binanın kanalizasiya şəbəkəsinə şərik çıxıblarmış. Şirkətin mühəndisi Vidadi Həşimov da həmin fikri təsdiqləyir:“Ümumiyyətlə, bu ərazidə kanalizasiya xətti heç olmayıb. Camaat həyətində şambadan istifadə edirlər. Lakin biz öz hesabımıza qanuni olaraq 350 metrlik kanalizasiya xətti çəkmişik və ətraf ərazilərdəki sakinlər o xəttə qoşulub”.

 

Əldə etdiyimiz nəticələr bunu deməyə əsas verir ki, Masazır sakinlərinin asfalt örtüyü ilə bağlı şikayətləri yaxın gələcəkdə həllini tapmayacaq. Çünki saraya kimi binada oturan bələdiyyənin maddiyyatı buna imkan vermir. İkincisi, zibilliklərin bolluğudur ki, belə şeydən ötrü kədərlənməyə belə dəyməz. Deməli, alış-veriş qabiliyyəti yüksəkdir ki, atmağa zibil tapılır da. Bir də ki, zibil deyib keçməyək. Masazırı tam nəzarətə götürən yüzlərlə sahibsiz it nə günə durub bəs?

 

Mir Çingiz Ağazadə

Kamran Namazov

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR