Vatikanda olmayan kitablar Qəbələdə bu evdədir

# 11:00
4 dekabr 2022

Qəbələnin Duruca kənd sakini Ruslan Məmmədov 20 ildən çoxdur ki, qədim və nadir kitabları toplamaqla  məşğul olur. Ruslan Məmmədov son vaxtlar şəxsi kitabxanasını daha da zənginləşdirib. O, turistlərin ən çox gəlib-getdiyi  Duruca kəndindəki şəxsi evində muzey və kitabxana yaradıb.Burada 3000-ə yaxın qədim əlyazma, müxtəlif vaxtlarda çap edilmiş nadir kitablar və müasir ədəbiyyat nümunələri mühafizə olunur. Kitabxanadakı ən qədim əlyazmanın 800 yaşı var. Ərəbcə olan həmin əlyazma "Qurani-Kərim"in təfsiridir. Buradakı Əssar Təbrizinin "Mehr və Müştəri" əlyazmasının 420, İmam Birqivinin "Risalənin şərhi" əlyazmasının 290, S.Ə.Şirvaninin "İbtidai qəzəliyyat" kitabının 100 yaşı var. Kitabxanada ən kiçik ölçülü "Qurani-Kərim"in uzunluğu 4, qalınlığı 2 santimetrdir. Səkkizguşəli bu əlyazmanın 310 yaşı var. Şəxsi kitabxanada ümumilikdə, 300-dən artıq nadir əlyazma saxlanılır. Ruslan Məmmədov qədim kitabları toplamaqla yanaşı, onları bərpa edərək ömrünü uzadır. Müsahibimiz müxtəlif sahələrə aid kitablarla yanaşı, qədim kağız pullar və metal sikkələr, markalar, məişət əşyaları da toplamaqla məşğuldur. Kağız pullar arasında Nadir şahın əmri ilə hazırlanan əskinaslar və M.Ə.Rəsulzadənin tapşırığı ilə 1920-ci ildə hazırlanmış Azərbaycan Xalq Cümhuriyyətinin 500 manatlıq milli pulu diqqəti çəkir.

Bütün bunlarla yanaşı muzeydə 352 il bundan qabaq Pakistanda yazılmış Quran kitabı da var. Muzeydə diqqət çəkən kitablardan biri də Sultan Süleyman dövründə mədrəsədə qələmə alınmış “Səhni Səmaniyə”dir. 320 il bundan qabaq 1124-cü ildə Qarabağda qələmə alınmış İslam Hüququna aid əlyazma da həm qonaqların, həm də tarixçilərin daha cox marağına səbəb olan nadir kitablardandır. Kitabxanada istənilən elm və digər sahələrə aid qədim və orta əsrlərə aid kitablar, maraqlı əksinaslar, əşyaları tapmaq mümkündür.

Ev sahibi bu muzeyin genişləndirərək hər kəs üçün açıq bir məkana çevirilməsini arzulayırlar. Ümid edirik ki, gözəlliyi və təbiəti ilə hər kəsi valeh edən Duruca kəndi yaxın zamanlarda burada yaradılmış ev muzeyi ilə də böyük marağa səbəb olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR