Vətən Müharibəsi könüllülərinin özəl əşyaları burada saxlanılır - REPORTAJ

# 16:00
18 may 2021

Vətən Müharibəsinə yollanan könüllülərin özəl əşyaları sahiblərinin yolunu gözləyir.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, 2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başlayan gündən Azərbaycanın bütün bölgələrindən ordu sıralarına qoşulub, erməni işğalçılarına qarşı döyüşmək üçün cəbhəyə yollanan minlərlə gənc vardı.

 

Həmin gənclərdən bir qrupu qoşunların təmas xətti boyunca yerləşən və şiddətli döyüşlərin getdiyi Ağdam rayonuna yollanmışdı. Rayonun Üçoğlan inzibati ərazi nümayəndəliyinin tabeliyində olan Alıbəyli kənd orta məktəbi həmin gənclərə bir neçə günlük də olsa, ev sahibliyi etmişdi. Məktəbdə qeydiyyata alınan gənclər təlimatlandırıldıqdan sonra hərbi forma və silahla təmin edilərək, ön cəbhəyə yollanmışdılar. Hərbi forma geyinib, silaha sarılan gənclər mülki geyimlərini və özəl əşyalarını qablaşdıraraq, məktəbə təhvil vermişdilər. Lakin müharibə başa çatdıqdan sonra həmin gənclər əşyalarını almaq üçün geri qayıtmayıb.

 

Bu sinif otağında gördüyünüz bağlamalar Vətən Müharibəsi zamanı istər döyüşmək üçün Ağdama gələn gənclərə, istərsə də səfərbərlik zamanı ehtiyatda olan hərbçilərə məxsusdur. Döyüşə gedən gənclər bura gəldikdən sonra geri qayıtmayıb. Mülki geyimlərini burada çıxarıb, hərbi forma geyinərək döyüşə yollanıblar. Vətən Müharibəsi başa çatdıqdan sonra həmin döyüşçülər əşyalarını almaq üçün geri qayıtmayıb. Məktəb rəhbərliyi həmin əşyaları qoruyub saxlayıb. Bağlama sahibləri hər biri bağlamanın üzərinə adını, soyadını və ünvanını yazıb.

 

Rəhim İlqar oğlu Mahmudov - Göyçay rayonu, Dəyanət Rövşən oğlu İbrahimov - Mingəçevir şəhəri, Natiq Vaqif oğlu Səbzəliyev - Ucar rayonu Bərquşaq kəndi, Sübhan Məzahir oğlu Məmmədov - Qəbələ rayonu.

 

Burada onlarla, yüzlərlə bağlama var ki, sahiblərini gözləyir. Məktəb rəhbərliyini narahat edən məqamlardan biri də bu əşyaların sahibləri arasında kimlərinsə şəhid olub-olmamasıdır. Əgər onlardan şəhid olan varsa, ailələrinin müraciəti əsasında adını tarixə yazdıran igidlərin özəl əşyaları onlara və ya istədikləri muzeylərə qorunub saxlanılmaq üçün təqdim oluna bilər.

 

Habil Aslanoğlu,

Ziya İsmayıloğlu,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR