Vətən Müharibəsi şəhidinin xatirəsi anıldı

# 18:20
20 oktyabr 2021

Bu gün Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılan və döyüşərək qəhrəmanca şəhid olan Cəmil Məmmədlinin barelyefinin və büstünün açılış mərasimi keçirilib.

 

Şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Səbail Rayon İcra Hakimiyyəti və 163 nömrəli tam orta məktəb tərəfindən hazırlanan barelyef və büstün açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, millət vəkili Nigar Arpadarai, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Çıxış edən icra başçısı Vüqar Zeynalov bildirib ki, 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir və qazanılan şanlı qələbə xalqımızın qürur mənbəyidir. Qazanılan möhtəşəm qələbə isə şəhidlərimizin qanı hesabına qazanıldı.

 

Şəhidin anası Aygün Məmmədova Cəmil ilə qürur duyduqlarını deyirlər. Onun sözlərinə görə, Cəmil müharibənin başladığı ilk dəqiqələrdən ön cəbhədə olub: “Son dəfə danışığımız Cəmillə oktyabrın 11-də olub. Biz onun müharibədə olduğunu bilməmişik. Soruşanda deyib ki, mən öz cəbhəmdəyəm, narahat olmayın. Şəhadətindən sonra bilmişik ki, Cəmil ilk günlərdən, ilk dəqiqələrdən ön cəbhədə vuruşub. Son sözü də elə o oldu ki, narahat olmayın hər şey yaxşı olacaq”.

 

Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova isə dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu, onlara diqqət göstərildiyini vurğulayıb: “Azərbaycan ərazi bütövlüyünün azad olunması uğrunda həlak olan Cəmil Məmmədlinin oxuduğu 163 nömrəli tam orta məktəbdəyik. Məktəbin qarşısında bütün Səbail ictimaiyyəti ilə bərabər Cəmilin barelyefinin açılış mərasimini həyata keçirtdik”.

 

Sonda məktəbin fəal şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

 

Qeyd edək ki, Cəmil Məmmədli oktyabrın 14-dən 15-nə keçən gecə Füzulinin Dördçinar kəndində düşmənin snayper gülləsinə tuş gələrək şəhid olub.

 

İsmayıllı rayonunun Şəhidlər Xiyabanında dəfn olunan Cəmil Məmmədli ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalları ilə təltif olunub.

 

Nərmin Murad,

Əli Ələkbər,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR