Vətən müharibəsi zamanı dağıdılan məktəb yenidən tikilir

# 18:07
22 yanvar 2022

44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərində dağıntıya məruz qalan daha bir təhsil ocağının tikintisinə başlanılıb.

APA TV-nin yerli bürosu xəbər verir ki, sıfırdan inşa olunacaq Konstantin Uşinksi adına 29 nömrəli orta tam məktəbin tikinti işləri ilkin mərhələdədir.

Podratçı şirkət tərəfindən tikintisi başlanan təhsil ocağının yenidən tikilərək istifadəyə verilməsi istiqamətində işlər davam edir: “İlkin söküntü işləri icra olunur. Layihə tapşırığı əsasında mövcud məktəb söküləcək və sıfırdan müasir standartlara cavab verən yeni məktəb inşa edəcəyik. Bu məktəbin inşası Təhsil Nazirliyinin sifarişi əsasında tikilir”.

Yeni inşa edilən məktəb binası 960 şagird yerlik olacaq. Sözü gedən təhsil ocağında əsasən Azərbaycan və rus dillərinin tədrisi həyata keçirilir. Hazırda 29 nömrəli tam orta  məktəbin müəllim və şagird kollektivi yaxınlıqda yerləşən digər təhsil ocağına köçürülüb. Gəncə şəhərində Vətən müharibəsi zamanı dağıntıya məruz qalan məktəblərin gələcək aqibətinə Təhsil nazirinin müavini Muxtar Məmmədov da münasibət bildirib. Nazir müavini qeyd edib ki, müharibə zamanı dağılan məktəblərin qiymətləndirilməsi aparılır: “Bilirsiniz ki, 44 günlük Vətən müharibəsiz zamanı amansız raket zərbələri endirilmişdi. Bu proses çərçivəsində təhsil infrastrukturuna da ciddi zərər dəymişdi. Bu məktəblərin müvafiq qurumlarla birlikdə qiymətləndirilməsi aparılır və müvafiq qurumlar qarşısında məsələ qaldırılır”.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin balistik raketlərlə atəşə tutulması nəticəsində 10-a yaxın məktəb binası tam və ya qismən dağıdılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR