Vətən Müharibəsinin 23-cü günü: 19 oktyabrda nələr baş verdi?

# 07:00
19 oktyabr 2021

19 oktyabr 2020-ci il. Azərbaycan ordusu dünya hərb tarixində misli görünməyən döyüş əməliyyatlarını xüsusi dəqiqliklə aparırdı. Torpaqlarımız işğaldan azad edilirdi. Azərbaycan xalqı öz doğma torpaqlarına qısa vaxt ərzində qovuşurdu.

 

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası sıradan çıxarıldı.

 

Düşmənin xain təxribatları isə yenə də davam etməkdə idi. Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisini minaatanlar və toplardan atəşə tutdu. Düşmən qüvvələrinin humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Tərtəri atəşə tutmağa davam etməsi nəticəsində 1 nəfər ağır yaralandı. Saat 11:10-dan başlayaraq isə Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonunu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Ordumuzun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutdu.

 

Bundan başqa, Ermənistan silahlı qüvvələri hərbi əməliyyatlar aparılan ərazidən təxminən 300 kilometrdən artıq məsafədə yerləşən Xızı rayonu istiqamətində raket zərbələri endirməyə cəhd göstərsə də, Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən bunun qarşısı alındı.

 

Saat 15:00-da düşmənin Ağdam rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutması nəticəsində rayonun Bənövşələr qəsəbəsində 2 nəfər xəsarət aldı. Eyni zamanda AZTV-nin əməkdaşları raket hücumuna məruz qaldılar. Bir nəfər isə xəsarət aldı.

 

Saat 17:00-da Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının yaşayış məntəqələrini yenidən artilleriya atəşinə tutdu.

 

Düşmənin bütün təxribatları isə xalqımızın əzmini qıra bilmədi. Azərbaycan Ordusuna güvən tam idi. Məhz bunun nəticəsi idi ki, Prezident İlham Əliyev özünün "Twitter" səhifəsində Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərinin işğaldan tam azad edildiyini açıqladı.

 

Amma bu da son deyildi. Daha 21 gün cəbhədən xoş xəbərlər gəlməkdə davam edəcəkdi. Düz 21 gündən sonra düşmən təslim olduğunu elan edəcəkdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR