Vətən Müharibəsinin 39-cu günü: 4 noyabrda nələr baş verdi?

# 07:00
4 noyabr 2021

4 noyabr 2020-ci il. Müharibə dəhşətlidir. Müharibə insan və insanlıq əleyhinə ən kəskin silahdır. Amma təəssüf ki, yerləşdiyimiz coğrafiya, hər zaman üzərimizdə olan yadelli basqınları, ən əsası Ermənistan kimi insanlıq məfhumundan kənar qonşumuzun olması zaman-zaman bizləri də müharibənin içinə sürükləyib. Doğma torpaqlarımızda qanlar axıdılıb, minlərlə vətən övladı şəhid olub. Elə 44 günlük Vətən Müharibəsi də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda savaş idi.

 

Noyabrın 3-ü gün ərzində və 4-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində mövqelərimizi və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutdu.

 

Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edirdi. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur olmuşdu. Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd D-30 haubitsa topu, 1 ədəd “Zastava M-55” zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını isə sıradan çıxarılmışdı.

 

Cəbhədə məğlub olan düşmən noyabrın 4-ü saat 08.05-dən başlayaraq Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini, Tovuz, Ağstafa, Ağdam rayonlarının ərazilərini, Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan atəşə tuturdu.

 

Ordumuzun bölmələri tərəfindən isə düşmənin hərbi texnikaları sıradan çıxarılırdı.

 

Həmçinin Ermənistan ərazisindən Zəngilan istiqamətindəki bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı alındı. Ciddi döyüş itkiləri verən düşmənin kəşfiyyat-diversiya qrupu geri çəkilməyə məcbur edildi.

 

Günün ən gözəl xəbəri isə Prezident, Ali Baş Komandan İlham Əliyevdən gəldi. Dövlət başçısı Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərinin işğaldan azad edildiyini açıqladı.

 

Vətən Müharibəsi isə davam edirdi. Böyük qələbəyə cəmi 5 gün qalırdı.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR