Vətən Müharibəsinin 4-cü günü: 30 sentyabrda nələr baş verdi?
30 sentyabr. Vətən Müharibəsinin 4-cü günü. Təxminən saat 01:10-da Azərbaycan Müdafiə Nazirliyi, Cəbrayıl rayonu ərazisindəki tanklar da daxil olmaqla, bir neçə erməni hərbi texnikasının məhv edildiyini göstərən görüntülər yayımladı.
Səhər saat 08.00-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutdu. Atəş nəticəsində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 mülki şəxs yaralandı.
Saat 10:20 ərəfəsində Müdafiə Nazirliyi cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi il bağlı əməliyyat keçirildiyi barədə məlumat yaydı.
Həmçinin, Ermənistanın Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq müdafiə mövqelərini özbaşına tərk edib qaçmağa başladı. Köməyə gələn Ermənistan ordusunun ehtiyat qüvvələri isə Ordumuzun dəqiq atəş zərbəsi ilə məhv edildi.
Saat 12:40-da Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirildi. Saat 13-də isə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 29-da Ermənistan ərazisindən havaya qalxan iki ədəd "Su-25" tipli təyyarənin dağa dəyərək partlaması haqqında məlumat verdi.
Saat 13:00-da Müdafiə Nazirliyi səhər saatlarında məhv edilən düşmən hərbi texnikalarının, həmçinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan ordusu toplarının dəqiq atəşlə necə məhv edildiyinin görüntülərini yaydı.
Saat 15 ərəfəsində isə düşmənin Füzuli istiqamətində yerləşən 4-cü taborunun ağır artilleriya atəşinə məruz qoyulmasının, həmçinin Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilməsinin, eləcə də Tonaşendə düşmənin iki tankının məhv edilməsinin videosu və məlumatı yayıldı.
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan Silahlı Qüvvələrinin 1 ədəd "Uraqan" yaylım atəşli reaktiv sistemi, 2 ədəd "9K33 Osa" zenit-raket kompleksi, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd piyadanın döyüş maşını, 4 ədəd D-20 haubitsa-topu, 16 ədəd tank və şəxsi heyətlə 2 ədəd yük maşını məhv edildi.
Saat 16 radələrində Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Füzuli rayonu, Horadiz şəhərində yerləşən yanacaq doldurma məntəqələrinin birinin yaxınlığına düşmüş top mərmisinin qəlpələrindən 1 nəfər həlak oldu, 3 nəfər isə xəsarət aldı.
Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağatıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirildi. Azərbaycan Ordusunun bölmələri axşam saatlarında keçirdiyi döyüş əməliyyatları nəticəsində Ermənistan ordusunun 8 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemini məhv etdi.
30 sentyabr həm də Ermənistan ordusu tərəfindən atılan "Toçka-U" taktiki raket kompleksinə məxsus raketlərin köhnə və keyfiyyətsiz olması səbəbindən partlamaması ilə yadda qaldı.
Bəli, döyüşlərin 4-cü günü də daha çox düşmənin itkilər verməsi ilə yadda qaldı. Xalqımız 30 ilə yaxın işğal altında qalan doğma torpaqlarımızın azad edilməsi, şəhidlərimizin qisasının alınması yolunda inamla addımlayırdı.
Düşməni isə qarşıda lərzəyə salacaq daha 40 gün gözləyirdi.