Vətən Müharibəsinin 40-cı günü: 5 noyabrda nələr baş verdi?

# 07:00
5 noyabr 2021

5 noyabr 2020-ci il. Döyüşlər ordumuzun üstünlüyü şəraitində davam edirdi. Düşmən bu günlərdə son nəfəsini qurtara bilmək üçün çırpınır, gücü çata bildikcə təxribatlara əl atırdı.

 

Noyabrın 4-ü gün ərzində və 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutdu.

 

Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edildi.

 

Düşmən isə təxribatlar törətməyə davam edirdi. Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri, bundan başqa, Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələri düşmən tərəfindən fasilələrlə atəşə tutulurdu.

 

Səhər saat 07:50-də isə Ağcabədi rayonun Qiyaməddinli kəndinə düşmən tərəfindən 4 ədəd mərmi atıldı.

 

Saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad kəndini, eləcə də Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini də artilleriya atəşinə tutdu.

 

Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində isə düşmənin hərbi infrastrukturuna ciddi ziyan vuruldu.

 

Düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdıldı.

 

Bu arada Müdafiə nazirliyi də Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilən kəndlərinin videogörüntülərini və düşmənin döyüş meydanında atıb qaçdığı silah sursatın görüntülərini yaydı.

 

Vətən Müharibəsi 40 gün idi ki, davam edirdi. Düşmən isə artıq hər şeyi döyüş meydanından ataraq qaçmaqla canını qurtarmağa çalışırdı. Amma qarşıda hələ 4 gün vardı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR