Volkan Bozkır: “Azərbaycan beynəlxalq məsələlərdə çox əhəmiyyətli rol oynayır”

# 13:48
9 aprel 2021

Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının Prezidenti, 75-ci sessiyasının sədri Volkan Bozkır Fəxri xiyabanı ziyarət edib.

 

APA-TV-nin  məlumatına görə, Volkan Bozkır Ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib. O, akademik Zərifə Əliyevanın da məzarı önünə gül dəstələri düzüb.

 

Daha sonra Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksi və şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyan Volkan Bozkır şəhidlərə dərin ehtiramını bildirib.

 

Jurnalistlərə açıqlama verən BMT Baş Assambleyasının sədri Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşünün detalları barədə danışıb: “Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT) üçün əhəmiyyətli ölkədir. İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirildi. Xüsusi sessiya həqiqətən çox böyük uğurla başa çatdı. İlk dəfə pandemiyadan sonra BMT-də COVID-19-la bağlı güclü mesajlar verildi. Bu gün cənab prezident tərəfindən qəbul edildim. Məni qəbul etdiyi üçün təşəkkürümü bildirirəm. Bütün bölgəsəl və BMT-nin gündəliyində olan məsələləri müzakirə etdik”.

 

Volkan Bozkır Azərbaycanı BMT üçün əhəmiyyətli ölkə hesab etdiyini deyib. Keçirəcəyi görüşlərin detalların açıqlayıb: “Çətin durumda olan ölkələrə yardımların edilməsi, pandemiya ilə mübarizə, peyvəndlərin ədalətli şəkildə bütün ölkələr arasında bölüşdürülməsi, eyni zamanda su problemi, səhralaşma, energetika və s. məsələlər keçirəcəyim görüşlərdə müzakirə olunacaq. Azərbaycan beynəlxalq məsələlərdə çox əhəmiyyətli rol oynayır. Görüşlərdə Azərbaycanın BMT-yə töhfələrinin daha da genişləndirilməsi, BMT-də, Təhlükəsizlik Şurasında islahatlar məsələsi də müzakirə ediləcək”.

 

Volkan Bozkır Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin Sədri Sahibə Qafarova ilə keçirəcəyi görüşlərdə BMT-nin gündəliyində duran məsələlərə dair fikir mübadiləsi aparacaqlarını, ümumilikdə isə səfərin uğurla nəticələnəcəyinə əmin olduğunu da qeyd edib.

 

Xələf Xələfov,

Musa Qulammirzəyev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR