Xanbulançay niyə təhlükə mənbəyinə çevrilib? - APA TV

# 16:11
13 iyul 2022

Əlbəttə ki, çimmək qadağandır. Yerli sakinlər yaxşı bilirlər bunu. Gözəlliyi ilə ovsunlayan Xanbulançayda çimmək istəyənlərdən bir neçə nəfər hətta boğulub da. İlk baxışdan valehedici görüntüsü adamı aldadır, amma biləndə ki Xanbulançayın dərinliyi 74 metrdir o zaman sərinləmək üçün başqa üsullara əl atmaq lazımdır. Turistlərin isə əksəriyyəti bunu bilmir. Onları xəbərdar etmək üçün gölün ətrafında heç "çimmək qadağandır!" xəbərdarlıq lövhələri də yoxdur. Düzdür, Xanbulançayın yuxarıda - giriş hissəsində belə lövhəyə rast gəlmək olur, istirahət məkanlarına girəndə də müvafiq xəbərdarlıqlar edilir. Amma 200 hektardan çox ərazi, turistlərin çoxluğu və Xanbulançayın yaxınlığında çimmək üçün heç bir maneənin olmaması ani diqqətsizlikdən bədbəxt hadisəyə çevrilə bilər.

Xanbulançayın üzərində yerləşən su anbarı Lənkəranın əsas suvarma mənbəyi hesab olunur. Bu su anbarı hətta Lənkəran və Astaranın da içməli su təminatının müəyyən hissəsini ödəyir. Ümumi tutumu 52 milyon kubmetr olan su anbarının hazırda 40 milyon kubmetri dolub. Suvarma və içməli su təminatı ilə bağlı bir problem yaşanmasa da, Xanbulançayın əsas problemi kimi turistlərin təhlükəsizlik məsələsi və onlardan bəzilərinin ətraf mühitin təmizliyinə riayət etməməsidir.

Sahə rəisi həmçinin bildirdi ki, 3 ədəd yeni xəbərdarlıq lövhəsi yaxın vaxtlarda ərazidə yerləşdiriləcək.

Sonda isə demək istəyirik ki, Xanbulançay Lənkəranın ən ölməli yox, görməli yeridir və bunun belə qalması üçün həm özümüzü, həm də ətrafımızdakıları qorumalıyıq. İstirahətə getsək də, o istirahətin bədbəxt hadisəyə çevrilməməsi üçün diqqətli olmalıyıq. O cümlədən ölkəmizin harasında olursa olsun istirahət üçün getdiyimiz yerlərin təmiz qalmasına da riayət etməliyik.

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR