Xaricdəki azərbaycanlıların pul köçürmələri ilə bağlı YENİLİK

# 17:06
17 may 2022

“Bir milyona yaxın Azərbaycan vətəndaşı xaricdə yaşayır, çalışır və ölkəmizə pul köçürmələri edir”. Bunu Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev "Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin qiymətləndirilməsi" mövzusunda keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, pul köçürmələrinin təkmilləşdirilməsi ilə bağlı yeni layihə hazırlanıb: “Bu gün layihənin işçi qrupu yaradılacaq. Pul köçürmələrinin müəyyən aspektləri var. Onları müzakirə etmək lazımdır. Müzakirələrə bankları da cəlb etmişik ki, vəsaitin daha yaxşı formada göndərilməsi üçün fikirlərini bildirsinlər. 2020-ci ildə Azərbaycana köçürülən pulun həcmi ÜDM-nin 2,4 faizini təşkil edib. Bu rəqəm 1 milyard 240 milyon manatdır. 2019-cu ildə pandemiya səbəbindən bu rəqəmin azalacağını gözləyirdik, lakin 3 faiz artım oldu”.

 

Bundan başqa, tədbir çərçivəsində Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi layihəsinin işçi qrupunun tərkibi açıqlanıb. Belə ki, BMQT Azərbaycan,  Dövlət Miqrasiya Xidməti, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi, Mərkəzi Bank, Diasporla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın va Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Maliyyə Monitorinqi Xidməti və  "Azərpoçt" MMC layihənin işçi qrupunun üzvləri və müşahidəçiləridir. Qeyd olunub ki, müşahidəçilərə müxtəlif banklar, QHT-lər, Azərbaycan Banklar Assosiasiyası, BMT Rezident Əlaqələndiricisinin Ofisi, BMT-nin inkişaf Proqramı və Beynalxalq Əmək Təşkilatı daxildir. Layihənin icrası üçün ilkin olaraq 300 min dollar nəzərdə tutulub. Lakin işin gedişində bu vəsait artırıla bilər.

 

 

AYTƏN SAKİTQIZI

CEYHUN MUSTAFAYEV

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR