Xarici ölkələrin hərbi attaşeləri Gəncəyə səfər edib
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Gəncəyə səfər edib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hərbi attaşelər Gəncə şəhərində Ermənistan Respublikasının silahlı qüvvələrinin raket hücumları nəticəsində şəhid olan mülki əhalinin xatirəsinə qoyulmuş memorial kompleksi ziyarət ediblər.
Səfərdə ölkəmizdə akkreditə olunmuş 12-yə yaxın ölkənin hərbi attaşeləri şəhid olan mülki əhalinin xatirəsinə əraziyə gül düzüb, dağıntıların qalıqlarını müşahidə edib, ərazidə raket düşən yerlərin ünvanlarını əks etdirən xəritə ilə tanış olublar.
Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilər ziyarət edildikdən sonra, günahsız mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə tanış olublar. Qonaqlara Gəncə şəhərində törədilən terror hadisələri ilə bağlı məlumat verilib.
Qeyd edilib ki, 2020-ci il 11 oktyabr tarixində Ermənistan ərazisindən “Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raket “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binasının üzərinə düşüb, çox sayda evlər dağılıb, 5-i qadın olmaqla 11 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 40 nəfər isə yaralanıb.
Ümumilikdə erməni terroru nəticəsində Gəncədə 26 nəfər həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV Gəncə