Xocalı faciəsinə görə heç vaxt ad günü keçirməyən şəhid

# 14:09
2 oktyabr 2021

44 günlük Vətən Müharibəsində tarix yazan igidlərimizdən biri də Elvin Məmmədovdur.


APA TV-nin yerli bürosunun xəbərinə görə, 1996-cı il fevralın 26-da Göyçay rayonunun Ləkçıplaq kəndində anadan olan Elvin Məmmədov atasının dilindən səslənən vətənpərvərlik mövzusunda söhbətləri eşitdikcə köksü qabarıb, onun Vətənə, torpağa olan sevgisi daha da artıb.

 

Elvin 26 fevralda anadan olduğu üçün Xocalı faciəsi qurbanlarını heç vaxt unutmayıb, onların xatirəsini daim əziz tutaraq özünə ad günü keçirməyib. O, torpaqların düşmən işğalından azad olunması üçün elan edilən səfərbərliyi səbirsizliklə gözləyən gənclərdən biri olub. Elvin Vətənin dar günündə əkiz qardaşı ilə görüşərək, onun xeyir-duası ilə cəbhəyə yola düşüb. Vətən Müharibəsində döyüşlər zamanı qəhrəmanlıq göstərib, düşmənin bir neçə əsgərini və texnikasını məhv edib. Elvin ötən il oktyabrın 1-də Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

 

O, doğulub boya-başa çatdığı Ləkçıplaq kənd qəbiristanlığında dəfn olunub.

 

Göyçay ictimaiyyəti Elvin Məmmədovun şəhid olmasının birinci ildönümü onun məzarı önündə qeyd edib.  Anım mərasimində rayon rəhbərliyi, hərbçilər, şəhidin yaxınları, qazilər, şəhid valideynləri iştirak edib, Elvin Məmmədovun gənclərə nümunə olan qısa, amma şərəfli həyat yolundan danışılıb.

 

Şəhidin bibisi Aybəniz Bəşirova deyir ki, bu il onun toyunu etmək istəyirdik, amma qismət olmadı: “Elvin uşaqlıqdan səmimi, mehriban idi. O, sentyabrın 27-də müharibəyə yollandı. Onun döyüş yolu çox çəkmədi. Çox təəssüf olsun ki, müharibənin ilk günlərində biz onun acı xəbərini aldıq. Lakin nə qədər acı olsa da qürurvericidir. Ona görə ki, şəhidlər ölmür, onlar tarix yazdılar, onlar gələcək nəslin xoşbəxtliyi üçün canlarını fəda etdilər. Bütöv Azərbaycan yaratdılar. Şəhidlər ölmür, onlar şəhadətə yüksəlirlər”.

 

Şəhidin qardaşı Dünyamin Məmmədov isə deyir ki, şəhidlərimizdən, onların qəhrəmanlığından nə qədər danışsaq azdır: “Onlar dastan yazdılar, gənc nəslə örnək oldular. 30 il işğalda olan torpaqları düşməndən azad etdilər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin".

 

Qeyd edək ki, şəhid Elvin Məmmədov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.

 


Şahnəzər Bəşirov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR