Xudayarın hesabına məşhurlaşanlar – BİZİM ŞƏRH

# 16:42
30 aprel 2021

Yəqin ki, xatırladınız bu videonu. Bəli, şəhid Xudayar Yusifzadəyə dil uzadan, onun şəhidlikdən sonra belə qazandığı sevgini qısqanan Fuad Rəsulzadənin dərsinin verildiyi həmin gecə çəkilən videodur. Aydın görünür ki, bir qrup şəxs Fuad Rəsulzadəni etdiyi paylaşıma görə döyür.

 

Bu hadisə cəmiyyətdə heç də birmənalı qarşılanmadı. Düzdür, böyük əksəriyyət döyən şəxsləri müdafiə etsə də, Fuad Rəsulzadəni dəstəkləyənlər də oldu.

 

Təbii ki, biz hüquqi dövlətdə yaşayırıq və kiminsə kimisə tutub küçədə döyməsinin tərəfdarı deyilik. Amma aidiyyəti qurumlar vaxtında bu şəxsə qarşı lazımi addım atmalı idi. Fuad Rəsulzadəni saxlayıb cəmiyyətdən üzr istəməsini təmin etmək və bu videonu yaymaqla məsələni bağlamaq olardı. O zaman biz də bu gün izlədiyimiz, cəmiyyətin birmənalı qarşılamadığı və günlərdir gündəmdən düşməyən bu hadisəni yaşamazdıq. Amma bu baş vermədi. Elə buna görə də insanların şəxsi cəza mexanizmi işə düşdü.

 

Yeri gəlmişkən, qeyd edək ki, Fuad Rəsulzadənin döyülməsi ilə bağlı xuliqanlıq maddəsi ilə Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlərin şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğlu olduğu müəyyən edilib.

 

Amma gəlin, proseslərin bura qədər uzanmasından əvvələ qayıdaq. Məsələn, Nərmin Şahmarzadə adlı bir şəxsin Milli Qəhrəman Mübariz İbrahimova dil uzatdığı bir tarixə. Şəhidlərə dil uzatmaqla Mübarizin adı hesabına öz şöhrətini ucaltmağa çalışan bu adam həmin vaxt özünü gözə soxmağı bacarmışdı da.

 

O, zaman həmin şəxsi döyən olmasa da, ictimai qınaq baş qaldırmışdı.

 

Təbii ki, bu tip adamların cəmiyyətin həssas təbəqəsinə dil uzatmasına bir səbəb var. Özlərini məşhurlaşdırmaq, cəmiyyətdə ictimai rəyə təsir etdiklərini nümayiş etdirmək və bunun müqabilində qrant almalarına şərait yaratmaq.

 

Digər tərəfdən baxanda, onlara bu şansı elə bəlkə biz özümüz veririk. Bu şəxslərə baş qoşmaqla, onların bizim üçün önəmli biri olduqlarını, bu cəmiyyətin üzvü olduqlarını hiss etdirməklə. Oxunmaq, İP yığmaq üçün şərhlərini, fikirlərini paylaşmaqla onları bu cəmiyyətdə söz sahibinə çeviririk. Hətta onlara sosial şəbəkələrdə etirazımız da reklama çevrilir, çünki anti-reklamın özü də bir reklamdır.

 

Bəli, hüquqi cəmiyyətdə yaşayırıq və burada insanları döymək olmaz. Burada kimlərisə linç etmək və buna çağırmaq qanunla məsuliyyət yaradır. Amma hüquqi dövlətdə dəyərləri də tapdalamaq olmaz axı. Hüquqi cəmiyyət həm də dəyərlərə hörmət olunan, sahib çıxılan cəmiyyətdi. Şəhidlər isə dəyərdir. Hamı bacardığını edəndə hüquq da, dəyər də ayaq altında qalır.

 

Xudayar biz xoşbəxt olaq deyə şəhid olub. Fikirlərimizi azad şəkildə dilə gətirə bilək deyə canından keçib. Bizim uşaqlar güvəndə olsun deyə.

 

Sən sevginlə, gülüşünlə, səsinlə, qəhrəmanlığınla qəlbimizə yol tapdın, əziz Xudayar! Oxu, qardaş, oxu!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR