XXI əsrin susuz, yolsuz və internetsiz kəndi

# 13:52
21 oktyabr 2021

Bu kənddə insanlar hər gün 4-5 kilometr yolu piyada gedərək qonşu kənddən evə içməli su gətirir. Yayın istisində, qışın soyuğunda əlində ağır su qabları daşıyan qadınlar və uşaqlar üçün vəziyyət daha çətindir.

 

Söhbət Göyçayın Çərəkə kəndindən gedir.

 

APA TV-nin yerli bürosuna müraciət edən yerli sakinlər deyirlər ki, əvvəllər içməli suyu kənddə mövcud olmuş 9 artezian quyusundan götürüblər. Lakin, uzun illərdir ki, bir neçə artezian quyusunun suyu quruyub, bəzilərinin isə motoru yanıb.

 

Kənddə imkanı olan 2 maşın suyu 50 manata alır, imkanı olmayan isə uzaq məsafələrdən atla, araba ilə və ya piyada su daşımaq məcburiyyətindədirlər. Kənddə bəzi insanlar çarəsiz qaldıqda hətta su arxındakı lilli suyu duruldaraq içirlər.

 

Sakinlər bildirir ki, su ilə bağlı lazımi qurumlara müraciətindən sonra bir neçə il əvvəl mütəxəssislər kəndə gələrək yeni artezian quyularının qazılması üçün ölçü işləri aparıb, layihə hazırlayıb, tezliklə əhalinin içməli su ilə təmin ediləcəyini deyib gediblər. Lakin, deyilən sözlər elə vəd olaraq qalır, reallıq isə budur ki, kəndin 5 mindən çox əhalisi hələ də susuzdur.

 

 

Bu kəndin problemi təkcə su ilə kifayətlənmir, insanların həm də yol, telefon xətti və internetlə bağlı həllini gözləyən problemləri var. Sakinlər deyir ki, yayda toz, qışda isə palçıq və su gölməçələrinə görə hərəkət eləmək mümkün deyil. 

 

Onların sözlərinə görə, yolların bu vəziyyəti nəqliyyat vasitələrinin tez-tez xarab olmasına səbəb olur. Maşınların ehtiyat hissələrini dəyişmək isə sürücülərə baha başa gəlir. Vətəndaşlar kəndin 3 istiqamətinə gedən 10 kilometrdən çox yolun asfaltlanması üçün aidiyyəti qurumlara müraciət etsələr də hələ ki, problemin həlli üçün addımlar atılmır.

 

Problemlər bununla da bitmir. Rayonun 4-cü böyük yaşayış məntəqəsi olan Çərəkə kəndində hər 100 ailədən cəmi birinin evində telefon və internet var.

 

Kənd bələdiyyəsi və icra nümayəndəliyi isə hələ ki, ərazidə içməli su, yol və internet probleminin nə vaxt həll olunacağına dair ümidverici heç nə demir. Problemlərdən təngə gələn sakinlər isə ümid edir ki, tezliklə onların səsinə səs verən tapılacaq.

 

 

 

Şahnəzər Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR