Yağış və qrunt suları “Xəzər bağları”nda evləri basıb

# 10:36
8 iyun 2021

Elə ki, yağış yağdı burada vəziyyət daha acınacaqlı olur. Söhbət Sumqayıt şəhərinin “Xəzər bağları” yaşayış massivindən gedir.

 

APA TV xəbər verir ki, xüsusilə də massivin Nəsimi küçəsində yaşayan sakinlər yaranan problemlərdən daha çox əziyyət çəkirlər. Belə ki, yağış yağan kimi yollar, evlər suyun əsirinə çevrilir. Üstəlik ərazidə kanalizasiya sistemi də yoxdur:

 

- Yayı bu gündə olanda qışı nə gündə olur. Sizdən xahiş edirəm ki, köməklik edin. Bu kanalizasiya sistemini bir təhər edin. Çox xahiş edirəm ki, bu kanalizasiya sistemini abadlaşdırın. Yəni mən suyun içində necə yaşayım, necə qalım bilmirəm.

 

- Bizim günümüz budur. Göydən yerə bir damcı yağış düşdü, bax günümüz budur. Uşaqlar dərsə gedə bilmir, özümüz işə gedə bilmirik. Evlərimizin altı, padvallarımızın altı sudur. Bax bunun yayı bu gündədir, gör indi qışı nə gündədir.

 

- Evim suyun içində. Nə qışım qışdır, nə yayım yaydır. Bu dəqiqə mənim evimin altı sudur, qapım sudur. Yoldaşım I qrup əlildir. Yollarımız da bərbad gündədir. Mən onu heç yerə çıxara bilmirəm. Mən adicə küçəyə çıxanda yekə sapoq geyinirəm.

 

- Bir dənə yağış yağan kimi bütün olur gölməçə, su. Şəxsən mən bu gün uşağımı məktəbə apara bilməmişəm. Mənim uşağım bu gün təhsildən geri qalıbdır. Nəyə görə bir dənə kanalizasiya sistemi yoxdur burda.

 

Sakinlər deyir ki, uzun illərdir bu problemlərlə baş-başa qalıblar, əncam çəkən isə tapılmır.

 

Məsələ ilə bağlı üz tutduq Sumqayıt şəhər Bələdiyyəsinə. Qurumdan şifahi olaraq bildirdilər ki, sözügedən ərazi onların balansında deyil, amma gələcəkdə yaranan problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi üçün addımlar atılacaq.

 

Elə Sumqayıt Sukanal İdarəsindən də fərqli cavab eşitmədik. Qurumdan yaşayış massivinin Nəsimi küçəsində yaranan vəziyyətdən xəbərdar olduqlarını bildirdilər. Onu da dedilər ki, həmin ərazidə bu ilk belə hal deyil. Dəfələrlə belə hallar yaşansa da, yaranan problem aradan qaldırılıb. Amma bu tam çıxış yolu olmadığı üçün ərazidə yaranan qrunt sularının qarşısının alınması üçün proqram hazırlanacaq və mövcud çatışmazlıqlar aradan qaldırılacaq.

 

Görünən odur ki, bu isə heç də yaxın müddətdə mümkün olmayacaq. İndi sakinlərin səbr edib gözləməkdən başqa əlacları qalmır.

 

Ramil Zeynallı,

Əli Əliyev,

APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR