Yaralandılar, şəhid verdilər, amma mübarizəni dayandırmadılar

# 13:15
28 oktyabr 2022

44 günlük vətən müharibəsi zamanı bütün Azərbaycan xalqının ürəyi cəbhə ilə döyünür, insanlar küçələrə axışır, döyüşə getmək üçün müraciətlər edirdi. Amma düşmən elə düşmən idi ki, Vətən müharibəsinin səngəri təkcə ön xətdə deyildi, arxa cəbhədə də düşmənə sinə gərmək lazım idi. Çünki yağı düşmən mülki vətəndaşları hədəf seçir, yaşayış məntəqələrini iri çaplı silahlardan atəşə tuturdu.

 

Arxa cəbhədə hər vətəndaşın, hər peşə sahibinin özünün döyüş tapşırığı var idi. Ancaq ən çətin vəzifə onların üzərinə düşürdü. Söhbət müharibənin tən ortasında qalan, hər gün başına bomba mərmisi yağan, ev - eşiyinin dağıldığını, yandığını gözü ilə görən, ailə üzvlərinin mərmi qəlpələrindən yaralandığını və ya öldüyünü görən, mülkü əhalinin xilaskarları olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından gedir.

 

 

Ali baş komandanın əmir və tapşırıqlarını yerinə yetirərək düşməni  “Böyük Ermənistan” xülyasından oyadan Azərbaycan ordusu ön cəbhədə, onlar isə arxa cəbhədə bütün gücləri ilə savaşırdılar.

 

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsinin əməkdaşları terrorçu Ermənistan ordusunun ağır artilleriya qurğularından və raketlərdən atəşə tutduğu dinc əhalini xilas etmək üçün öz canlarını düşünmədən təhlükəyə atırdılar.

 

Fövqəladə Hallar nazirliyinin xilasedicilərinin ən çətin günlərindən biri 28 oktyabrda ermənilərin istifadəsi qadağan olunmuş kasetli raketlə Bərdə şəhərini vuraraq növbəti terrora imza atdığı gün oldu. Ard-arda şəhərə atılan raketlər, şəhər sakinlərinin ölümünə  və evlərin, maşınların, iaşə obyektlərin yanmasına səbəb olmuşdu. Həmin gün insanların yarasına məlhəm olmağa çalışan xilasedicilər bu gün də o qara tarixi unuda bilmədiklərini deyirlər.

 

Erməni terroru nəticəsində mərmi düşən evlərdə dağıntıların altından yaralıları xilas edir, ölən mülkü şəxsləri mərmi yağışı altında məzarlıqlarda dəfn edir, mərmi düşdükdən sonra yanan evləri söndürür, insanları bomba düşən kəndlərdən daha təhlükəsiz ərazilərə aparır. Həmin günlərdə qəhrəman xilasedicilərimizdən xidməti vəzifəsini yerinə yetirərkən yaralanan da oldu, şəhid olan da.

 

İnsan itkisinin qarşısını almağa çalışan xalq keşikçiləri yanan evləri söndürür, dinc əhalini təhlükəsiz ərazilərə təxliyə edir, sığınacaqlardakı insanların da köməyinə onlar çatırdı.

Ermənilərin eyni əraziyə yenidən bomba atacaqlarını bilsələr də, FHN-çilər düşmənin hədəfinə çevrilmiş, dağıntılara məruz qalmış yaşayış məntəqələrinə təkrar-təkrar gedirdilər. Kəndlərə, evlərə, yollara gedirdilər - düşən mərminin ağır nəticələrini aradan qaldırmaq üçün gedirdilər.

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR