Yasamal rayonundakı yeni meşə-park sakinlərin sevimli ailəvi istirahət yerinə çevrilib

# 22:18
27 may 2021

Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin bütün güşələrində və xüsusi olaraq paytaxt Bakı şəhərində   yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. 

APA TV xəbər verir ki, bu istiqamətdə  Bakının və Abşeron yarımadasının təbii landşaftının yaşıllıq zolaqları, meşə-parklarla zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verilir. 

 

Bu işlər çərçivəsində cari ilin fevral ayının 1-də Bakının Yasamal rayonunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən meşə tipli park yaşıllıqsalma layihələrinin uğurla davam etdiyinin göstəricisidir. Dörd hektar ərazini əhatə edən parkın  sahəsinin 70 faizi meşə zonasından ibarətdir. Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuş və onlar buranı hissə-hissə satmaq niyyətində idilər. Məhz Prezident İlham Əliyevin müdaxiləsindən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarılıb. 

 

Qısa müddət ərzində sakinlərin sevimli ailəvi istirahət yerinə çevrilən bu park şəhərsalmanın standartlarına və müasir tələblərə uyğun şəkildə qurulub. Ərazi yüksək səviyyəli infrastruktur əsasında abadlaşdırılıb. Yeni park həm də şəhərin sosial-ekoloji vəziyyətinin yaxşılaşması baxımından əhəmiyyətlidir. Park şərti olaraq bir neçə zonaya bölünüb. Əsas məsələ isə bu parkda insanların asudə vaxtlarını keçirmələri üçün bütün şərait yaradılib. Aktiv istirahəti sevən sakinlər üçün əyləncə zonaları yaradılıb, müxtəlif idman qurğuları, uşaq meydançası, həmçinin söhbətgahlar quraşdırılıb, oturacaqlar qoyulub.

 

Axşam saatlarında, istirahət günlərində parka gələn sakinlərin sayı daha da artır. İnsanlar ailə üzvləri, yaxınları ilə parkdakı istirahət guşələrinə toplaşır, pikniklər təşkil edirlər. Ərazidəki ictimai iaşə obyektlərində sakinlərə müxtəlif xidmətlər təqdim edilir. 

 

Qeyd edək ki, həyata keçirilən bu layihə sosial xarakter daşıyır və onun məqsədi paytaxtda aparılan abadlıq-quruculuq işlərinə töhfə verməkdir. Bundan başqa, layihənin özəlliyini artıran daha bir mühüm məqam ərazidə meşə tipli yeni parkın salınmasıdır. Bu, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsi olmaqla yanaşı, ətraf ərazilərdə yaşayan sakinlərin istirahətinin də yüksək səviyyədə təşkil edilməsinə geniş imkanlar yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR