Yasamalda 815 mənzil satıldı: İlk mənzil 31 saniyəyə satıldı

# 18:43
24 sentyabr 2022

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 güzəştli mənzili satışa çıxarıb. Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Fərman Qurbanlı deyib: “Mənzil seçimi prosesi uğurla başa çatıb. Sentyabrın 28-də saat 15:00-da gözləmə qaydasında mənzil seçimi baş tutacaq. Yəni bu gün mənzil seçən vətəndaşlar hər hansı bir səbəbdən bundan imtina etsələr, sentyabrın 28-də gözləmə qaydasında mənzili seçəcək vətəndaşa təklif ediləcək. Gözləmə qaydasında mənzili 2 vətəndaş növbəli qaydada seçə bilər. Hər hansı səbəbdən bu gün mənzili seçən vətəndaş əldə etməsə, gözləmə qaydasında birinci sırada seçim etmiş vətəndaşa mənzil seçimi təklif olunacaq”. Məlumat üçün bildirək ki, ilk mənzil sistem aktiv ediləndən 31 saniyə sonra seçilib. Qeyd edək ki, daha öncəyə planlaşdırılan satış prosesi baş tutmamışdı. Belə ki, satış başlamamışdan öncə ictimai əhəmiyyətli infrastruktur obyektləri olan dövlət orqanlarının informasiya sistemlərində əlavə yüklülük doğuran texniki nasazlıqlar aşkar edilmişdi. Həmin vaxt bildirildi ki, güzəştli şərtlərlə mənzil seçimi prosesinin obyektiv nəticələrinə mümkün təsirləri nəzərə alınaraq mənzil satışının vaxtı təxirə salınıb. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başlanılmış ilkin araşdırmalar zamanı Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə ölkə hüdudlarından xaricdə yerləşən qlobal hostinqlərə məxsus İP aralıqlardan istifadə edilməklə iri həcmli kiberhücumun olduğu aşkar olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR