"YAŞAT": 20 milyona yaxın vəsait artıq təyinatı üzrə xərclənib

# 14:31
29 aprel 2021

Bütün dünya azərbaycanlıları yaşatmaq üçün birlikdə olacaq!

Qələbəni bizə yaşadanları gəlin birlikdə yaşadaq!

 

Bu devizlə bu gündən yolan çıxan “YAŞAT” marafonu bir ay ərzində davam edəcək.

 

APA TV-nin xəbərinə görə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə başlanan marafonun məqsədi qazilərə və şəhid ailələrinə dəstək üçün dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi bir araya gətirərək “YAŞAT” Fonduna ianə etməyə çağırışdır.

 

Marafonda bütün dünya azərbaycanlıları “Gəlin Yaşadaq” şüarı altında birləşərək, Qələbəni bizə yaşadanlara və Zəfər tarixini yazanlara dəstək olacaq, onların xoş xatirələrini yada salacaqlar.

 

Fondun rəhbəri Elvin Hüseynovun sözlərinə görə, bir ay ərzində toplanan vəsaitin məbləği mayın 25-dən Azərbaycan Televiziyasında (AzTV) canlı nümayiş ediləcək: “Marafon müddətində müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə canlı bağlantılar təşkil ediləcək, şəhidlərin ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilər çıxış edəcəklər. Eyni zamanda “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər barədə hesabat təqdim olunacaq”.

 

"YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov onu da bildirib ki, bu günə qədər "YAŞAT Fondu" 2881 şəhid ailəsinin evində olub. Eyni zamanda 2700-dən artıq qazi ilə müxtəlif yerlərdə görüşüblər, 300-dən artıq yataq xəstəsi olan qazinin mənzilində görüş keçirilib: ""YAŞAT" Fondunun 4 fəaliyyət istiqaməti var. 20 milyona yaxın vəsait artıq təyinatı üzrə xərclənib. Türkiyədən bir qrup həkim gəlmişdi, onlar qazilərlə görüş keçirib. Həmin qazilər Türkiyəyə müalicəyə göndərilib. 76 qazi Türkiyəyə göndərib, onlardan 7-si artıq vətənə dönüb. Hazırda 69 qazinin Türkiyədə müalicəsi davam edir. Eyni zamanda İsraildən 8 cərrah gəlmişdi, 30-dan artıq qazi əməliyyat olunub. 50-dən artıq qaziyə süni göz, 2 qaziyə buynuz qişa qoyulub".

 

Fonda toplanan vəsaitlərin ən çox məişət şəraitinin yaxşılaşdırılması və tibb xidmətləri ilə bağlı xərcləndiyini deyən fond sədri onu da qeyd edib ki, "YAŞAT" Fondunun fəaliyyət istiqamətlərindən biri də 27 sentyabrdan sonra doğulan şəhid övladlarına dəstəklə bağlıdır. Ötən gün 61 şəhid övladı barədə depozit hesablara yerləşdirilib, bu gün artıq 7 şəhid övladı barədə də depozit yerləşdiriləcək və bu, ümumilikdə 68 şəhid övladını əhatə edəcək.

 

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev isə bildirib ki, təmsil etdiyi qurum xaricdə yaşayan, fəaliyyət göstərən azərbaycanlıların lobbiçilik fəaliyyətinə dəstək göstərmək üçün təsis olunub: “Bütün fəaliyyət elektron sistem üzərində qurulub, bu günə qədər 300-ə qədər təşkilat və fərd sistemdə qeydiyyatdan keçib. Bu günə qədər təxminən 100-ə yaxın diaspor təşkilatı tərəfindən təqdim olunan layihələr maliyyələşdirilib. 44 günlük müharibə dövründə təkcə ölkəmizdə yaşayan vətəndaşlar deyil, xaricdəki soydaşlarımız da maddi və mənəvi cəhətdən ordumuzun yanında olublar, siyasi arenada, sosial şəbəkələrdə çox aktiv fəaliyyət göstəriblər. 31 dekabr müraciətində dövlət başçısı müraciətində də diasporun fəaliyyətini yüksək qiymətləndirib. "YAŞAT" Fondu ilə bir çox görüşlər keçirdik və qərara gəldik ki, "YAŞAT" Marafonunu keçirək”.

 

Bir ay müddətində tanınmış səfirlərlə xaricdə müxtəlif kampaniyalar aparılacağını deyən Əkrəm Abdullayev onu da bildirib ki, gələcəkdə bu kimi tədbirlər ənənəvi keçiriləcək. Bu, gənc nəslin formalaşdırılması, vətənpərvər olması üçün böyük əhəmiyyət daşıyır.

 

İlahə Vəliyeva,

Musa Qulammirzəyev,

APA TV

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR