Yaz semestri üçün təhsil tələbə kreditlərinə müraciət tarixi məlum olub

# 17:45
7 fevral 2022

“Ümumilikdə təhsil haqqını ödəyən tələbələrin sayı 126 min 173 nəfərdir”.

 

APA TV xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev keçirilən mətbuat konfransında deyib.

 

O bildirib ki, tələbələrin 28 674-ü akademik borcu olanlardır. Bu göstərici həmin tələbələrin 20-30 faizini təşkil edir. İcraçı direktorun sözlərinə görə, 41 291 tələbənin ümumi orTa müvəffəqiyyət göstəricisi 71 baldan aşağıdır. Bu da tələbələrin 30-40 faizini təşkil edir.

 

Araz Paşayev sosial təhsil tələbə kreditinin alınması üçün potensial müraciət həcminin 16 800 nəfər olduğunu bildirib. Belə ki, onlardan 12 000 nəfəri bakalavriat, 1300 nəfəri magistratura, 3500 nəfəri isə subbakalavriat üzrə təhsil alan tələbələrdir: “Bu gün biz sosial kredit dedikdə, daha aşağı səviyyəli kredit dedikdə, həmin kreditin alınması üçün meyarların olması tələb olunur. Ünvanlı Dövlət Sosial yardımı alan ailənin üzvü olmalıdır tələbə. Üçüncü dərəcəli əlilliyi olmalıdır. Çünki birinci və ikinci dərəcə əlilliyi olanlar artıq imtiyazlıdırlar. Onlara kredit almaq imkanı yaradırıq. Hər iki valideyni, yaxud tək valideyni olduqda həmin şəxs aşağıdakı kateqoriyalardan birinə aid olmalıdır”.

 

İcraçı direktorun sözlərinə görə, təhsil tələbə krediti ilə bağlı yaz semestri üçün müraciətlərin qeydiyyatına 16 fevraldan başlanılacaq: “Təhsil tələbə kreditləri 2021-22-ci illərin payız semestri üzrə verilirdi. 15 fevrala qədər birinci semestr üzrə verilməsi davam edəcək. Və 16 fevral 2022-ci il tarixindən yaz semestri üçün müraciətlərin qeydiyyatına başlanılacaq”.

 

Bundan əlavə, təhsil tələbə krediti almaq hüququnu müəyyən edən tələbə qəbulu imtahanında toplanan ümumi balın minimal həddinə də dəyişiklik edilə bilər: "Seçilmiş bal bütün qruplar üzrə orta performans göstəricisidir. Orta balın qruplar üzrə dəyişdirilməsi məsələsi gələcəkdə müzakirə oluna biləcək mövzulardan biridir. Çünki kredit təhsil alan tələbələri deyil, eyni zamanda abituriyentləri də əhatə edir".

 

Qeyd edək ki, hazırda bakalavr səviyyəsi üzrə ödənişli təhsil alan tələbələr üçün hədd 300-700 baldır.

 

Mir Çingiz Ağazadə,

Ceyhun Mustafayev,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR