Zelenski: “Dünyanın ən güclü ölkələri baş verənləri uzaqdan seyr edir”

# 11:22
25 fevral 2022

Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalılara müraciət edib.

 

APA TV xəbər verir ki, o, yaydığı videomüraciətdə bu hücumun məqsədinin təzyiq olduğunu bildirib.

 

Əksər istiqamətlərdə hücumların qarşısının alındığını deyən Zelenski Rusiya aviasiyasının yaşayış sahələrinə zərbə endirdiyini də əlavə edib.

 

Zelenski, bunu 1941-ci ildə Almaniya Ordusunun Kiyevə hücumu ilə müqayisə edib: “Biz dövlətimizi təkbaşına qoruyuruq. Dünyanın ən güclü ölkələri baş verənləri uzaqdan seyr edir. Dünənki sanksiyalar Rusiyanı inandıra bildi? Biz öz səmamızda və yerdə eşitdiyimiz mərmi səsindən bunun kifayət olmadığını görürük”.

 

O, əvvəl-axır Rusiya ilə danışıqların başlayacağını qeyd edib: “Rusiya hərbi əməliyyatların dayandırılması və təcavüzü dayandırmaq üçün onsuz da bizimlə danışacaq. Bu danışıqlar nə qədər tez başlasa, Rusiyanın özünün itkiləri bir o qədər az olacaq”.

 

V. Zelenski bundan əvvəl Ukraynanın neytral statusu və təhlükəsizlik təminatı ilə bağlı Rusiya ilə danışıqlar aparmaqdan çəkinmədiyini bildirib. O, həmçinin, qeyd edib ki, qərbli tərəfdaşları Ukraynanın təhlükəsizliyinə təminat vermir və onu NATO-ya qəbul etmək istəmir.

 

Ukrayna prezidenti Rusiya vətəndaşlarına da müraciət edib.

 

“Hörmətli Rusiya Federasiyası vətəndaşları, dediyim kimi, bu gecə qəhrəman şəhər Kiyevin yaşayış sahələri bombalanmağa başlayıb. Bu 1941-ci ili xatırladır. Etiraz aksiyasına çıxan vətəndaşlar, biz sizi görürük”, - deyə Zelenski söyləyib.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR