Zərdablılar 1500 yerlik stadionda necə toz qoparırlar?

# 13:27
10 may 2022

Zərdabın mərkəzi stadionu bərbad vəziyyətdədir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, 1500 tamaşaçı tutumuna malik, 3 hektara yaxın ərazisi olan stadionun bərbad vəziyyətdə olmasına baxmayaraq  məcburiyyət qarşısında qalan sakinlər asudə vaxtlarında futbol oynamaq üçün bura gəlməli olurlar. 

 

Rayon mərkəzinin ötən əsrin 90-cı illərində istifadəyə verilən yeganə stadionu bu illər ərzində bir dəfə də olsun əsaslı təmir üzü görməyib. Sakinlər deyir ki, şoranlıqda yerləşən stadionun meydançasında toz əlindən göz açmağa imkan yoxdur.  Tamaşaçı oturacaqları istifadəyə yararsız vəziyyətdədir.

 

Məsələ ilə bağlı  APA TV -nin bölgə müxbirinə şifahi olaraq münasibət bildirən Zərdab Rayon Gənclər mərkəzinin direktoru Ələkbər Kərimov bildirdi ki,  stadiondakı vəziyyətdən xəbərdardırlar. Adı çəkilən problemlə bağlı müvafiq qurumlara məlumat verilib. O həmçinin bildirdi ki, yeni stadionun tikintisi və yaxud əsaslı təmiri onların imkanları daxilində deyil. Məsələ nazirliyin diqqətindədir.

 

Odur ki, biz də üz tutduq Gənclər və İdman nazirliyinə. Nazirliyin mətbuat xidmətindən şifahi olaraq bizə bildirildi ki, Zərdab rayonunda İdman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin, o cümlədən qeyd edilən stadionun təmiri məsələsi növbəti illərin proqramlarına daxil edilməsi üçün Gənclər və İdman Nazirliyi tərəfindən aidiyyəti üzrə təqdim edilib.

 

Beləliklə, əziz zərdablılar bir – iki il də səbir etməli olacaqsınız. O vaxta kimi isə çalışın az-az idman eləyin.      

 

Zahid Abışov,  Devran Əsgərov, APA TV   

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR