Məhkəmə-hüquq sistemindəki problemlərin həlli üçün müalicə resepti - TƏHLİL

Məhkəmə-hüquq sistemindəki problemlərin həlli üçün müalicə resepti - TƏHLİL
# 05 aprel 2019 11:20 (UTC +04:00)

Hesab edirəm ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin fərmanı bugünkü məhkəmə-hüquq sistemindəki boşluqları ifadə edən normativ hüquqi aktdır.

İlkin tanışlıq zamanı hüquq əhli deyə bilər ki, fərmanda göstərilənlər qanunvericiliyin tələbidir və bunu fərman olmasa da, səlahiyyətli qurumlar və şəxslər icra etməli idilər. Belə düşünənlərin haqlı olduqlarını qeyd etməklə yanaşı, bildirmək yerinə düşər ki, vətəndaşlar son vaxtlar bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sisteminin də cəmiyyət arasında itirilmiş nüfuzunun məhz cənab Prezidentin müdaxiləsi olmadan bərpasının mümkünsüzlüyünü düşünürlər. Konstitusiya ilə vətəndaşlara verilən hüquqların təminatçısı dövlətdir və dövlət başçısının hazırkı vəziyyətdə məhkəmə-hüquq sistemindəki böhranlı vəziyyəti aradan qaldırmaq məqsədilə dərin islahatlar aparmağa imkan verən belə bir fərman imzalaması ancaq alqışa layiqdir.

Azərbaycan Respublikası Konstitusiyasına əsasən, məhkəmələrin qarşısında duran əsas vəzifə həqiqətin müəyyən olunmasını təmin etməkdir. Kimsəyə sirr deyil ki, bir çox xoşagəlməz hallar, süründürməçilik, korrupsiyaya şərait yaradılması, əksər məhkəmələrdə hakimlərin yetəri qədər hüquq biliklərinin olmaması, bəzi hallarda hakimlərin müəyyən maraqlar qarşısında və ya sosial asılılıq halında qərəzli yanaşmalar nümayiş etdirərək, haqsız qərarlar çıxarması cəmiyyətdə məhkəmələrə inamı zəiflədib.

Məhkəmə-hüquq sistemində baş verən bu arzuolunmaz halların beynəlxalq mühitdə də ölkəmizin imicinə xələl gətirdiyi danılmazdır. Bu səbəbdən məhkəmələrin elektronlaşdırılması, hakimlərin seçim qaydalarının müasirləşdirilməsi, məhkəmələrdə hakimlər arasında iş bölgüsünün insan faktoru olmadan elektron qaydada aparılmasının təmin olunması və hakimlərin istər sosial, istərsə də hər hansı formada asılılığının qarşısının alınması istiqamətində aparılan ardıcıl siyasəti görməzlikdən gəlmək insafsızlıq olardı.

Prezidentin bu istiqamətdə vermiş olduğu fərmanların icrasının qənaətbəxş olmaması, işini dərindən icra etmək iqtidarında olmayan bəzi şəxslərin yarıtmaz fəaliyyəti nəticəsində son illər məhkəmə-hüquq sisteminin qərəzsiz və müstəqil fəaliyyəti şübhə altına düşüb.

Qeyd etmək yerinə düşər ki, fərmanın hər bəndində cəmiyyətin illərdir narazı olduğu problemlərə toxunulur. Əminəm ki, Prezident bu fərmanla yuxarıda qeyd etdiyimiz arzuolunmaz vəzifəlilərə öz mesajını verib.

Məhkəmə sistemində tərəflərin şəffaf ədalət mühakiməsinə inamını sarsıdan ilk görüntü əksər məhkəmələrdə hakim və prokurorun bir otaqda saatlarla məsləhətləşib birgə qərar sərgiləmələri, vəkillərin isə onları qapı önündə gözləmə səhnəsidir. Əslində isə məhkəmə üçün ittiham və müdafiə tərəfinin məsafəsi eyni olmalıdır. Bunu körpə uşaq da bilir. Minlərlə belə misal çəkmək olar.

Elə bu səbəbdən də cənab Prezidentin fərmanın 1-ci bəndinə xüsusi diqqət yetirmək lazımdır. Birinci bənddə qeyd edilir ki, “Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər”.

Məncə, çatışmazlıq çox dəqiq ifadə edilib və bunun fərmanın ilk bəndində verilməsi təsadüfi deyil. Əminəm ki, Prezidentin xalq adına hakimlərə bu irad və tövsiyələri ünvanına çatıb.

Eyni zamanda Prezident cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirməyin vacibliyini göstərib. Bundan əvvəl Prezident tərəfindən oxşar addımlar atılıb. Lakin bir çox hakimlər və ittiham tərəfinin nümayəndələri Prezidentin bu siyasətini anlamaqda çətinlik çəkmişlər. Cəza tətbiqi zamanı humanizmdən kənar və nəzərdə tutulmuş cəzanın ən yuxarı həddini “cənnətə ezamiyyət kağızı” kimi tətbiq etdikləri hallar az deyil. Məhkəmələr istintaq müddəti zamanı həbs qətimkan tədbirlərini alternativ qətimkan tədbiri ilə əvəz etməyib, bu günə qədər lazımsız və heç bir əsası olmayan hallarda həbs qətimkan tədbirini üstün tutublar. Təbii ki, bu da insanlar arasında məhkəmələrin qərəzsizliyinə şübhə yaradırdı. Bütün bu halların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmələrinin tapşırılması köklü islahatın dəqiq anonsudur.

Fərmanın üçüncü bəndində göstərilən bütün yarımbəndlərdəki tövsiyə və tapşırıqlar məhkəmə sistemində olan hazırkı çatışmazlıqların nə qədər dərindən araşdırıldığının bariz göstəricisidir. Çünki dəfələrlə olub ki, vergi işlərində hakimlərin rəqəmlərdəki sıfırların sayına görə məbləği dəqiq ifadə edə bilmədiklərinin şahidi olmuşuq. Bu sahədə sahibkarların və sahibkarlığın ağır zərbə almasına səbəb olan yüzlərlə qərəzli, hüquqi savadsızlıqdan irəli gələn və son zamanlarda daha da biabırçı şəkildə artan qərarlara rast gəlirik. Hətta hakimlərin birinci instansiyada işlərə baxarkən mahiyyətə heç bir önəm vermədiyi, natamam ixtisaslaşma nəticəsində prosesə tam hakim ola bilməməsi halları da kifayət qədər baş verib. Bu da öz növbəsində ixtisaslaşmış məhkəmələrin yaradılması məsələsinin labüdlüyünü güdəmə gətirirdi ki, fərmanda bu məsələ də əksini tapıb.

Əminliklə deyə bilərəm ki, protokollarda tərəflərin izahatlarını məhkəmənin maraqlı olduğu kimi qeyd etməsi iclas iştirakçılarının qarşılaşdığı və məhkəmələrə inamın sarsılmasının ən başlıca səbəblərindəndir. Dəfələrlə sənədlər tərəflərə çatanda hakimin elan etdiyi qərardan fərqli nəticənin qeyd olunmasının şahidi olmuşuq. Bunun sübutu isə çox çətin, bəzi hallarda isə mümkünsüz olurdu. Fərmanın 3.7-ci bənddə məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsinin vurğulanması bu səbəbdən atılan ən müsbət addım kimi qiymətləndirilə bilər. Bu müddəa yuxarıda qeyd etdiyim inam sarsıdan halların aradan qaldırılmasına öz töhfəsini verəcək.

Düşünürəm ki, Prezident fərmanda sahibkarlığa diqqətini göstərməklə yanaşı, onların hazırkı məhkəmə-hüquq sistemindən ən çox zərər çəkən təbəqə olduqlarına da işarə etmiş oldu. Bu sahədə hakimlərin təkmilləşməsi, obyektivliyinin təmini və asılılığının aradan qaldırılması sahibkarlığın inkişafı üçün ikinci nəfəs ola bilər. Bu, iqtisadiyyata yatırımlar, xarici investorların cəlb edilməsi baxımından da çox əhəmiyyətli amil hesab olunmalıdır. Çox ağrılı bir mənzərə ilə rastlaşırıq ki, bir çox xarici investor öz yatırımlarını sırf qeyri-obyektiv, qərəzli məhkəmə qərarlarından dolayı təhlükədə görüb, növbəti mərhələdə geri çəkiliblər. Fərmanda sahibkarlara xüsusi diqqət ayrılması bundan sonra məhkəmələrin sahibkarlara “yağlı tikə” kimi baxmasının da qarşısını alacaq.

Prezidentin Ədliyyə Nazirliyinə xitabən fərmanın 7.1 bəndində “məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyən edilmiş müddətdə icrasının təmin edilməsi, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması məqsədilə ciddi tədbirlər görsün” kimi tapşırığı icra və probasiya şöbələrindəki vəziyyətlə bağlı narahatlığa işarədir. İcra məmurlarının əksər dağlıq rayonlarda azlığı və iş çoxluğunu bəhanə edərək, illərlə adi aliment işini icra etməmələrinə görə hər il minlərlə şikayət ərizəsi yazılmasından məlumatlıyam.

Kənardan nəzərə çarpmayan, əslində isə məhkəmənin işinin tamamlayıcısı olan icra məmurlarının icraatdakı işləri “maraqlarına” uyğun icra etmələri də dövlətin bu istiqamətdə gördüyü bütün işləri kölgə altına almış olur. Bəzən illərlə sürən məhkəmə çəkişməsi nəticəsində ədalətli qərar qəbul edilsə də, onun təminatı olan icra mərhələsinin süründürməçiliyi hər şeyi dəyərsizləşdirmiş olur. Bu baxımdan icra haqqında bəndlərin fərmanda xüsusi vurğulanması yerinə düşən məsələlərdəndir. İnanıram ki, həm məhkəmələr, həm də icra şöbələrindəki işlərlə əlaqədar işlək və yararlı operativ qaynar xəttin yaradılması məsələsi tezliklə həllini tapsa, bundan qazanan ancaq dövlətimiz olar. Bütün xoşagəlməz hallar tez aşkarlanar və zamanında aradan qaldırılar. Bu isə itirilmiş inamın bərpası baxımından çox əhəmiyyətlidir.

Qərarların icrasının alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi, məhkəmə ekspertizası fəaliyyətinin alternativ mexanizmləri, o cümlədən ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və mediasiya prosedurunun tətbiqi ilə bağlı fərmanda qeyd olunan nüansları da hüquq sistemimizdə intibah göstəricisi hesab edirəm.

Təbii ki, fərmanda nəzərdə tutulanlar nə qədər ürəkaçan istiqamətdə islahatlara başlanıldığını göstərsə də, fərmanı icra etməli olan şəxslərin sırasında indiyədək məhkəməyə inamın itməsinə səbəb olmuş şəxslərin mövcudluğu sual doğuran məqamlardandır.

Fərmanın sonuncu bəndində dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin dəqiq proqnozlaşdırılmasını və mərkəzləşdirilmiş uçotunu təmin etmək məqsədilə cari ilin və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılması barədə müvafiq normativ hüquqi aktların layihələrini hazırlanıb təqdim edilməsinin vurğulanması əminəm ki, bütün vəkillərin illərdən bəri üzləşdiyi böyük problemlərdən birinin həlli deməkdir. Həmişə şahidi olmuşuq ki, vəkillərin dövlət hesabına həyata keçirdikləri hüquqi yardıma görə ödənilməli olan haqları dağlardan aşıb gəlirdi. Bu da öz növbəsində vəkillərdə bu cür işlərə marağı azaldırdı. İndi heç bir əngəl olmadan, qapılar dolaşmadan xidmət haqqını öz qurumlarından alacaq olmaları böyük bir problemin həlli deməkdir.

Ümumilikdə, fərmanı məhkəmə-hüquq sistemində geniş islahatların başlanğıcı hesab etmək olar. Sözügedən sistemin elə bir üzvü yoxdur ki, bu fərmandan tapşırığını almasın. İstərdim ki, fərmanın icrası zamanı süni şəkildə əsas məqsəddən yayınmaların qarşısını almaq üçün xüsusi qurum fəaliyyət göstərsin. Əks halda, fərmanda nəzərdə tutulan və səslənişi intibah vəd edən məqamlar, bir qrup şəxsin əlində monopolist sistemin formalaşmasına qulluq etmiş olacaq. Bunun da nəticəsi məhkəmə-hüquq sisteminin tamamilə iflası, dövlətimizin təməl prinsiplərinin zədələnməsinə aparıb çıxarar. Hər bir halda fərman sistemdəki boşluqları indiki mərhələdə çox dəqiqliklə görüb və problemlərin həlli üçün ilk müalicə reseptidir. Davamlı və sistemli olması vacibdir. Ümid edirik ki, dövlətimiz və xalqımız üçün xeyirli olacaq!

Hüquqşünas Səbuhi Axundov, xüsusi olaraq ONA üçün

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR