ABŞ və İsrail Azərbaycanın kənd təsərrüfatı sektoruna dəstək verəcək

ABŞ və İsrail Azərbaycanın kənd təsərrüfatı sektoruna dəstək verəcək
  • Clock-gray 14:50
  • calendar-gray 01 Aprel 2021
ABŞ və İsrail Azərbaycanın kənd təsərrüfatı sektoruna dəstək məqsədilə tərəfdaşlıq elan edir.
 
APA-nın İsrailin Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, İsrail və ABŞ səfirlikləri Azərbaycanın kənd təsərrüfatı potensialını inkişaf etdirmək məqsədilə Dövlət Aqrar Universiteti ilə innovativ əməkdaşlıq edəcəklər.
 
Layihə çərçivəsində universitetin Gəncə yaxınlığında yerləşən elmi-tədqiqat kompleksində alma, albalı, nektarin, gavalı və nar sahəsində XXI əsrin istehsal təcrübələrini özündə əks etdirəcək beş nümayiş sahəsi salınacaq. 
 
Bu nümunəvi sahələr ən son ABŞ və İsrail texnologiyalarını və təcrübələrini nümayiş etdirəcək və müasir intensiv becərmə üsullarının tədris platforması olmaqla yanaşı Azərbaycanda yüksək keyfiyyətli meyvələrin səmərəli istehsalında yardımçı olmaq üçün universitetin bacarıqlarını artıracaq. Layihə Azərbaycan fermerlərinə ixracatlarını və gəlirlərini artırmağa kömək edəcək. 
 
“XXI əsrdə kənd təsərrüfatında lider olan ABŞ və İsrail bu mühüm layihə çərçivəsində Azərbaycanın kənd təsərrüfatı sektorunun rəqabətliliyinə dəstək məqsədilə ADAU-nun bizimlə tərəfdaşlığından çox məmnundur. Ənənəvi bağlardan fərqli olaraq intensiv bağlar daha məhsuldar, ətraf mühitə az ziyan verən və gəlirli olurlar. Bu yeni layihə Azərbaycan fermerlərinə, istehsalçılarına və aqronomlarına daha az su istifadə edərək daha çox meyvə yetişdirməyə kömək edəcək, bu isə daha çox satış və ixracla nəticələnəcək,”, - deyə ABŞ səfiri Litzenberger və İsrail səfiri Dik birgə bəyanatda qeyd ediblər.
 
Layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı nümayəndəliyi və Beynəxalq Əməkdaşlıq Agentliyi (MASHAV) vasitəsilə Azərbaycandakı İsrail səfirliyi tərəfindən birgə maliyyələşdiriləcək və ADAU ilə əməkdaşlıq şəklində USAID-in Özəl Sektorun İnkişafı layihəsi və MASHAV tərəfindən icra ediləcək.
 
Tərəfdaşlar Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsi və bölgələrdə gəlirlərin artırılması, eyni zamanda, daha möhkəm və dayanıqlı icmalar qurmaq istiqamətində birgə məqsədə töhvə verəcək. 

Zümrüd Paşkin

Digər xəbərlər