Aİ Azərbaycanda kənd təsərrüfatı, kəndlərin və regionların inkişafına 2 mln. avro ayırıb

Aİ Azərbaycanda kənd təsərrüfatı, kəndlərin və regionların inkişafına 2 mln. avro ayırıb
# 09 aprel 2020 16:32 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı Nümayəndəliyi məmnunluqla bildirir ki, kənd təsərrüfatı sahəsində ümumi dəyəri təxminən 2 mln. avro olan 4 qrant müqaviləsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Qrantların məqsədi yerli qida konsepsiyalarını təşviq etməklə, eləcə də kənd təsərrüfatı üzrə yerli məsləhət xidmətləri şəbəkələrini yaratmaqla kənd əhalisinin gəlirlərinin gücləndirilməsi və diversifikasiyasıdr.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən “APA-Economics”ə verilən məlumata görə, “Avropa İttifaqının regional və kənd yerlərinin inkişafına dəstəyi Azərbaycanla olan əməkdaşlığımızın əsas prioritetlərindən biridir. Bu baxımdan, yeni qrant layihələrinin qeydiyyatı bizi sevindirir. Bu müqavilələr Azərbaycanın hər yerində kiçik və orta ölçülü aqro-biznes sahiblərinə praktik dəstəyi təmin edəcək, onlara bizneslərini daha da inkişaf etdirməkdə, iş yerləri açmaqda və gəlir əldə etməkdə yardımçı olacaq. Həssas qruplar və qadınlara dəstəyin bu qrantın gündəmində əsas yer tutmasını görmək məni xüsusilə məmnun edir”, - deyə Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri Səfir Kestutis Yankauskas qeyd edib.

“COVİD-19 pandemiyasının kənd icmalarına mənfi təsirini nəzərə alaraq gözləyirəm ki, bu layihələr öz əhatə dairələri çərçivəsində həm də post-COVD 19 dövründə layihə benefisiarlarının iqtisadi dirçəlişi üçün imkanların yaxşılaşdırılmasına kömək edəcək”, -deyə səfir əlavə edib.

Dörd yeni qrant müqaviləsində aşağıdakılar nəzərdə tutulur:

- Şəki-Zaqatala və Dağlıq Şirvan ərazilərində məsləhət xidmətləri vasitəsilə yerli qida istehsalı, eləcə də kiçik və orta ölçülü fermaların təşviqi, yeni dəyər zənciri modellərinin yaradılması və aqro-turizmin inkişafı;

- Nar istehsalı ilə məşğul olan yerli fermerlər qrupunun yaradılması, onların transformasiyasının dəstəklənməsi və nar dəyər zəncirində qabaqcıl təcrübəyə nail olma, o cümlədən Aran İqtisadi Regionunda qida təhlükəsizliyini təmin etmək üçün pestisid və gübrələrdən istifadə ilə bağlı onlara təlimlərin keçirilməsi;

- Azərbaycanın cənub regionlarında kənd ev təsərrüfatlarına gəlirlərini artırmaqda kömək edəcək dayanıqlı aqro-turizm və eko-turizmin inkişafı üzrə mexanizmin yaradılması;

- Azərbaycanın bütün regionlarında yeni bazar imkanlarının, yaradıcı brendinq və marketinqin inkişafı, eləcə də innovativ kənd təsərrüfatı resursları ilə qadınlar arasında aqro-sahibkarlığın gücləndirilməsi, habelə gəlirlərin artırılması vasitəsilə əsl yerli qida irsinin təşviqi. Layihəyə həm də Bakıda qadınların idarə edəcəyi qida irsi kafesinin yaradılması da daxildir.

Qeyd edək ki, kənd təsərrüfatı sahəsində 2 digər qrant layihəsi daha öncə imzalanmışdı. Bunlardan biri Qax, Zaqatala və Balakəndə dayanıqlı və inklüziv yerli aqro-qida sistemlərinin inkişafı ilə bağlı idi. Digər bir layihə isə Bərdə, Ağdam, Tərtər, Goranboy, Samux, Göygöl, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarında yumşaq meyvə və tərəvəz istehsalı üzrə dayanıqlı dəyər zəncirlərini inkişaf etdirməkdə fermerlərə yardımı nəzərdə tuturdu.

Aİ-nin maliyyələşdirdiyi yuxarıda qeyd olunan 6 müqavilənin dəyəri 3,5 mln. avro təşkil edir və bu layihələr Aİ-nin AP 2015 – Azərbaycanın Vahid Regional İnkişaf proqramının bir hissəsini təşkil edir. Proqramın məqsədi biznesin inkişafı, investisiyanın təşviqi və məşğulluq imkanlarının yaradılmasına töhfə verməklə, eləcə də kənd yerlərində yaşayışı və həyat keyfiyyətini yüksətlməklə regional inkişafı dəstəkləməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR