Azərbaycan premium aqrar məhsullarını "Baycan" brendi ilə ixrac edəcək

Azərbaycan premium aqrar məhsullarını "Baycan" brendi ilə ixrac edəcək
# 18 dekabr 2019 16:11 (UTC +04:00)

Azərbaycan kənd təsərrüfatı məhsulları yeni "Baycan" brendi altında qablaşdırılmış şəkildə bir sıra ölkələrə ixrac olunacaq.

Bunu "APA-Economics"ə "Dövlət Aqrar Ticarət Şirkəti"nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

Onun sözlərinə görə, bu brend adı altında premium məhsullar Rusiya, ərəb ölkələrinin marketlərinə, Avropada fəaliyyət göstərən etnik mağazalara göndəriləcək.

"Məsələn, Azərbaycan istehsallı olan premium bal, zəfəran, yumurta, meyvə-tərəvəz, müəyyən ekzotik mürəbbələr və digər məhsullar ixrac olunacaq. Yeni brendin təqdimatı gələn ilin yanvar ayında nəzərdə tutulub", - deyə L. Məmmədova qeyd edib.

O həmçinin əlavə edib ki, bu ilin ortalarından "Kənddən Şəhərə" brendi altında kənd təsərrüfatı məhsullarının xaricə ixracına başlanılıb. Məhsullar əsasən Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur: "Biz bu xəritənin genişləndirilməsində maraqlıyıq. Hədəfimiz odur ki, məhsulları Rusiya bazarına açıq şəkildə deyil, qablaşdırılmış formada ixrac edək. "Kənddən Şəhərə" layihəsi eksperimental layihəmiz idi, hansı ki, çox uğurla icra olunur. Bu, daxili bazara hədəflənən layihədir və onun çərçivəsində kiçik və orta fermerlər öz məhsullarını qablaşdırıb, pərakəndə satış məntəqələrində satışını təşkil edə blirlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR