Azərbaycana son iki ildə 38 min tona yaxın quş əti idxal olunub

Azərbaycana son iki ildə 38 min tona yaxın quş əti idxal olunub
  • Clock-gray 17:59
  • calendar-gray 13 Yanvar 2021

Son 2 ildə Azərbaycanda quş əti istehsalı 10 min ton azalıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “APA-Economics”ə verilən məlumata görə, bunu ASK-nın vitse-prezidenti Zakir Əzimov Azərbaycanda quşçuluğun inkişafına həsr olunan onlayn iclasda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu məhsulun ölkəyə idxalı qeyd olunan müddətdə 38 min tonadək artıb. 

Tədbirdə eyni zamanda, soya yağlarının bahalanmasının məhsulun maya dəyərinin yüksəlməsinə, Rusiya və Ukraynadan idxal olunan quş əti məhsulları ilə rəqabətdə yaranan vəziyyət müzakirə edilib.

Kənd Təsərrüfatı naziri İnam Kərimov hazırda Azərbaycanın quşçuluq sənayesində rəqabət qabiliyyətini yüksəltmək, bu sahədə dövlətin tənzimləmə mexanizmləri barədə fikirlərini iştirakçılarla bölüşüb. Eyni zamanda, nazir ölkədə quşçuluq sənayesinin inkişafı üçün sahibkarlarla dialoqu davam etdirəcəyini bildirib.

ASK prezidenti Məmməd Musayev isə öz növbəsində qeyd edib ki, Azərbaycan yumurta ilə özünü tam təmin edir, quş ətində isə 25% idxaldan asılılıq qalır. Onun fikrincə, quş ətinə olan daxili tələbatı da təmin etməyə imkan verən potensial mövcuddur və ASK bu sahədə Türkiyə təcrübəsinin öyrənilməsində iş adamlarına geniş dəstək verir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə öz növbəsində bu sahədə fəaliyyət göstərən sahibkarların qaldırdıqları bəzi məsələlərə aydınlıq gətirib. Agentlik sədri Azərbaycanda quşların pərakəndə satışının epizodik vəziyyətə təsiri, zəif patogen quş qripinə qarşı vaksinasiya ilə bağlı gələcəkdə həyata keçiriləcək tədbirlər, quşçuluq müəssisələrinin idarə olunmasında mövcud olan nöqsanları tədbir iştirakçılarının diqqətinə çatdırıb və bu istiqamətdə agentliyin mütəxəssisləri tərəfindən sahibkarlara dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib.

Müzakirələr nəticəsində ASK prezidenti Məmməd Musayevin sədrliyi ilə işçi qrup yaradılıb və sahibkarlardan toplanan təkliflər əsasında bir həftə ərzində hökumətə və müvafiq qurumlara müvafiq təkliflər paketinin təqdim edilməsi qərara alınıb.

Hüseyn Vəliyev

Digər xəbərlər