Azərbaycanda bəzi peşə sahibləri üçün yeni gəlir imkanı yaradılacaq

Azərbaycanda bəzi peşə sahibləri üçün yeni gəlir imkanı yaradılacaq
# 27 avqust 2020 16:47 (UTC +04:00)

Yaxın vaxtlarda Azərbaycanda bəzi peşə sahibləri əsas işləri ilə yanaşı, əlavə gəlir əldə etmək imkanı da qazanacaqlar.

Aqrar Sığorta Fondundan "APA-Economics"ə verilən məlumata görə, bu, ölkədə ilk dəfə olaraq aqrar sığorta mexanizminin tətbiqi ilə bağlıdır.

Azərbaycanda aqrar sığortanın tətbiqi ilə əlaqədar olaraq bu sahədə müstəqil ekspertlər institutu yaradılır. Müstəqil ekspert – kənd təsərrüfatı sığortasında riskləri və zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran fiziki şəxsdir.

Ölkə qanunvericiliyinə görə, aqrar sığorta müqaviləsi bağlanarkən riskləri və hadisə baş verdikdə dəymiş zərəri müstəqil ekspertlər qiymətləndirəcəklər. Bu, ödənişli xidmətdir və həmin xidmətlərin həyata keçirilməsi üçün müstəqil ekspertlərə müvafiq xidmət haqqı ödəniləcək.

Nazirlər Kabinetinin müvafiq qərarına görə (Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi haqqında) aqrar sığorta üzrə müstəqil ekspert statusu almaq istəyən şəxslər aqronomluq, bağçılıq və tərəvəzçilik və bitki mühafizəsi; baytarlıq, baytarlıq təbabəti, zootexniklik və zoomühəndislik; eləcə də balıqçılıq və su bioehtiyatları və akvakultura üzrə ali və ya orta ixtisas təhsilinə malik olmalıdırlar.

Müstəqil ekspert statusu almaq istəyən şəxslər üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən imtahan təşkil ediləcək. Artıq Dövlət İmtahan Mərkəzi (DİM) namizədlərin imtahanlara səmərəli hazırlaşmasını təmin etmək məqsədilə imtahanın birinci mərhələsinin proqramlarını təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR