Azərbaycanda çay plantasiyalarının güzəştli sığortasına başlanıb

Azərbaycanda çay plantasiyalarının güzəştli sığortasına başlanıb
# 26 fevral 2021 18:15 (UTC +04:00)

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə çay əkini sahələrinin sığortalanması şərtləri açıqlanıb.

APA-Economics”ə Aqrar Sığorta Fondundan verilən məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə çay plantasiyalarının sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.

Çay əkini sahələrinin sığortalanması zamanı çayın məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq. Qaydalara əsasən, hesablama aparılması üçün çay bitkisinin 1 hektarı üzrə məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib. Belə ki, çayın bir hektarı üçün məhsuldarlıq norması 3,5-125 sentner arasında, qiymət isə 50-150 manat/sentner arasında müəyyən edilib.

Bir hektar sahədən məhsuldarlıq və qiymət hədləri aşağıdakı kimidir:

Çay

Məhsuldarlıq (Sentner/ha)

Qiymət

(AZN/ Sentner)

Minimum

3,5

50

Maksimum

125

150

Qaydalara görə, aqrar sığorta çərçivəsində çay bitkisinin sığortalanması üçün 2 sığorta zərfi təklif edilir.

Bunlardan birincisi - əksər riskləri əhatə edən “baza zərfi”, digərləri isə əlavə riskləri əhatə edən zərflərdir. Sığorta zərfləri bir-birindən, əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə də fərqlənirlər.

Birinci, “baza zərfi”ndə azadolma məbləği 10%-dir. Bu zərf çay bitkisini dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir.

Hansı sığorta zərfinin seçilməsi fermer və ya çay plantasiyası sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da onun üstünə əlavə olaraq 2-ci zərfi də seçə bilərlər. Yəni baza zərfi seçilmədən 2-ci sığorta zərfi seçilə bilməz.

Çayın sığortalanması üçün tariflər və sığorta haqları

Çayın sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları çayın məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, ölkənin bölgələrindən də asılı olaraq dəyişir. Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir.

Fermerlərə sığorta haqqı güzəştləri

Bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub. Belə ki, sığortalanmış predmetin yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5% güzəşt edilir. Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5% güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5%, iki ildən sonra 10%, üç ildən sonra isə 15% güzəşt ediləcək.

Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər.

Çay əkini sahələrinin sığortalanması üçün müraciətlər başlayıb

Aqrar Sığorta Fondundan verilən məlumata görə, çay sahələrinin sığortalanması üçün müraciətlərə başlanılıb. Fermerlər və iş adamları çay əkini sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Müraciətlərin qəbulu mart ayının 30-dək davam edəcək. Martın 30-dək edilən müraciətlərdə çay əkini sahəsinin sığortalanması üçün sahəyə baxış keçirilməyəcək. Martın 30-dan aprelin 30-dək olan dövrdə edilən müraciətlər zamanı isə çay sahələrinin sığortalanması üçün əraziyə müstəqil sığorta eksperti gələrək sahəyə baxış keçirəcək.

Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar – buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, naringi, çay, çəltik, tütün, fındıq və pambıqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR