Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqinə başlanılıb

Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqinə başlanılıb
# 04 noyabr 2020 13:09 (UTC +04:00)

Azərbaycanda dövlət dəstəyi ilə yaradılan aqrar sığorta mexanizmi rəsmi olaraq fəaliyyətə başlayıb.

Bu barədə "APA-Economics"ə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Qeyd olunub ki, artıq Aqrar Sığorta Fondunda Azərbaycanda dövlət dəstəyi ilə ilk sığorta müqaviləsi imzalanıb.

Müqavilə müqaviləsi Ermənistanın davamlı hərbi təcavüzünə məruz qalan Tərtər rayonunun Bəyimsarov kəndində fermer Habil İbrahimli ilə imzalanıb. Həmin müqaviləyə əsasən fermerə məxsus 50 baş iribuynuzlu heyvan aktual risklərdən sığortalanıb. Sığorta haqqının 50%-i dövlət tərəfindən ödəniləcək, qalan məbləği isə fermer hissələrlə ödəyəcək.

Qeyd edək ki, aqrar sığorta mexanizmi "Aqrar Sığorta haqqında" Qanuna əsasən fəaliyyət göstərir. Kənd təsərrüfatı riskləri Aqrar Sığorta Fondu tərəfindən sığortalanacaq.

Azərbaycanda aqrar sığorta sistemi qardaş Türkiyənin TARSİM sisteminin təcrübəsi və dəstəyi ilə formalaşdırılıb. Aqrar sığorta vasitəsilə fermerlər kənd təsərrüfatı heyvanlarını, əkin sahələrini və bitkiçilik məhsullarını, eləcə də akvakulturanı güzəştli şərtlərlə ən aktual risklərdən sığortalaya biləcəklər.

Aqrar sığorta mexanizminin tətbiqi fermerlərə və sahibkarlara dəstək olmaqla yanaşı, kənd təsərrüfatının daha təhlükəsiz biznes sektoruna çevrilməsinə, bu sahəyə yatırımların artmasına səbəb olacaq və ümumilikdə kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcək.

Aqrar sığorta fermerlərin risklərini sığortalamaqla aqrar sahənin maliyyəyə çıxışını asanlaşdıracaq, kənd təsərrüfatının daha dayanıqlı inkişafına şərait yaradacaq.

İlkin mərhələdə aqrar sığorta vasitəsilə 1-7 yaşlı südlük inək və camışlar, 14 bitki növü (buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq), eləcə də nohur və hovuzlarda yetişdirilən balıqlar sığortalanacaq. Gələcəkdə aqrar sığortanın əhatə etdiyi sığorta predmetləri və risklərin siyahısı genişləndiriləcək.

Aqrar sığorta çərçivəsində sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və hadisələrin tənzimlənməsini isə "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR