Azərbaycanda fındıq sahələrinin güzəştli sığortasına başlanılıb

Azərbaycanda fındıq sahələrinin güzəştli sığortasına başlanılıb
  • Clock-gray 11:20
  • calendar-gray 30 Yanvar 2021

Aqrar Sığorta Fondu Azərbaycanda fındıq sahələrinin güzəştli sığortası başlayıb.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə fındıq sahələrinin sığortalanması üçün artıq müraciət edə bilərlər. 

Müraciətlərin qəbulu may ayının 10-dək davam edəcək. Mayın 10-dək edilən müraciətlərdə fındıq sahəsinin sığortalanması üçün sahəyə baxış keçirilməyəcək. May ayının 10-dan iyunun 10-dək olan dövrdə edilən müraciətlər zamanı isə fındıq sahələrinin sığortalanması üçün əraziyə müstəqil sığorta eksperti gələrək sahəyə baxış keçirəcək. 

Fındıq sahələrinin sığortalanması zamanı bitkinin  məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq. 

Qaydalara əsasən, hesablama aparılması üçün fındığın 1 hektar üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib. Belə ki, fındığın bir hektarı üçün məhsuldarlıq norması 0,1-135 sentner arasında, qiymət isə 350-550 manat/sentner arasında müəyyən edilib.

Birinci, “baza zərfi”ndə azadolma məbləği 10%-dir. Bu zərf fındığı dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir.  

İkinci sığorta zərfi üzrə azadolma məbləği 30%-dir. Bu zərf fındığı bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur. 

Bu sığorta zərflərinin seçilməsi fermer və ya fındıq bağının sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da əlavə olaraq 2-ci zərfi də seçə bilərlər. Yəni, baza zərfi seçilmədən 2-ci zərf seçilə bilməz. 

Fındıq sahəsinin sığortalanması zamanı fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər də nəzərdə tutulub. Belə ki, sığortalanmış məhsulun yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5% güzəşt edilir. Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5% güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5%, iki ildən sonra 10%, üç ildən sonra isə 15% güzəşt ediləcək. 

Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər. 

 

Hüseyn Vəliyev

Digər xəbərlər