Azərbaycanın kənd təsərrüfatı məhsullarının istehsalı yanvar-noyabrda 2% artıb

Azərbaycanın kənd təsərrüfatı məhsullarının istehsalı yanvar-noyabrda 2% artıb
# 16 dekabr 2020 14:11 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 7 966,1 mln. manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə heyvandarlıq məhsullarının payı 50,6% və ya 4 029,9 mln. manat təşkil edib ki, bu da 2019-cu ilin analoji ayları ilə müqayisədə 2,9% çoxdur.

Bitkiçiliyə gəldikdə isə, hesabat dövründə 3 936,2 mln. manatlıq (ümumi payda 49,4%) məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur.

Qeyd edək ki, kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir. Dekabr ayının 1-nə kimi tarlalardan 1 015,0 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,1% çox kartof, 1 677,9 min ton (2,5% çox) tərəvəz, 448,1 min ton (0,1% çox) bostan məhsulları, 1 121,5 min ton (4,2% çox) meyvə və giləmeyvə, 201,5 min ton (3,8 % çox) üzüm, 931,3 ton (2,2% çox) yaşıl çay yarpağı, 328,2 min ton (12,2% çox) pambıq, 24,7 min ton (28,4% az) günəbaxan, 242,7 min ton (2,7% çox) şəkər çuğunduru və 6,5 min ton (9,4% çox) tütün yığılıb.

Bundan əlavə, qarğıdalı da daxil olmaqla 3 221,9 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% az dənli və dənli paxlalı bitkiçilik məhsulları yığılıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında diri çəkidə ət istehsalı 3,1% artaraq 491,4 min ton, süd istehsalı 1,7 % artaraq 1 971,1 min ton, yumurta istehsalı 4,7% artaraq 1 748,3 mln. ədəd və yun istehsalı 0,2% artaraq 16 min ton olub.

Xatırladaq ki, Dünya Bankının son proqnozuna görə, bu il Azərbaycanın kənd təsərrüfatı sektoru 1,5% artacaq. Bankın oktyabrda dərc olunan Avropa və Mərkəzi Asiya üzrə hesabatında qeyd olunub ki, 2021-ci ildə isə sözügedən sektor 2,5% artacaq. 2022-ci il üçün isə daha optimistik proqnozu olan bank 3,2% artım gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR