Dövlət başçısı: “Kənd təsərrüfatı sahəsində çalışan sahibkarlara Sahibkarlığın İnkişafı Fondundan kreditlərin ayrılması nəzərdə tutulur”

Dövlət başçısı: “Kənd təsərrüfatı sahəsində çalışan sahibkarlara Sahibkarlığın İnkişafı Fondundan kreditlərin ayrılması nəzərdə tutulur”
# 14 aprel 2020 23:41 (UTC +04:00)

“Karantin rejimi kənd təsərrüfatı işlərinə mane olmamalıdır. Ona görə müvafiq göstərişlər verilmişdir. Çünki bildiyiniz kimi, bəzi insanlar mövsümi işlərlə bağlı bir rayondan başqa rayona getməli olurlar. Ona görə indi ki, şəhərlərarası nəqliyyat dayandırıldı, bu məsələ ayrıca müzakirə edilməlidir və bütün şərait yaradılmalıdır ki, kənd təsərrüfatı sahəsində karantin rejimi bizə problem yaratmasın və insanların gediş-gəlişi təmin edilsin. Operativ Qərargaha bu məsələ ilə bağlı göstəriş verildi. Əminəm ki, bu göstəriş yerinə yetiriləcək”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə çıxışında deyib.

Prezident diqqətə çatdırıb ki, birinci rübdə kənd təsərrüfatının artımı 3,7 faiz olub: “Bitkiçilikdə daha böyük nəticələr əldə edilib, 13 faizdən çox artım var. Nəzərə alsaq ki, keçən il də bitkiçilikdə artım böyük idi, bu, göstərir ki, bu sahə uğurla, sürətlə inkişaf edir. Heyvandarlığa gəldikdə, burada inkişafa nail olmaq üçün daha çox vaxt lazımdır. Burada da artım 3 faizdən bir qədər çoxdur.

Bu il kənd təsərrüfatı sahəsində çalışan sahibkarlara Sahibkarlığın İnkişafı Fondundan kreditlərin ayrılması nəzərdə tutulur. Xüsusilə hesab edirəm ki, indiki şəraitdə kənd təsərrüfatı emalı sahəsinə daha çox diqqət yetirilməlidir. Çünki biz əlavə dəyər zənciri yaratmalıyıq və çalışmalıyıq ki, həm daxili bazara, həm xarici bazarlara daha çox hazır məhsul təqdim edək. Eyni zamanda, bu, yeni iş yerlərinin yaradılmasına da gətirib çıxaracaq. Əlbəttə ki, kiçik sahibkarlar da yaddan çıxmamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR